“58 nəfər hərbi qulluqçu qeyri-döyüş şəraitində həlak olub”
Xəzər Hərbi Tədqiqatlar İnstitutu 2022-ci ildə Azərbaycanın müdafiə-təhlükəsizlik sektorundakı itkilərilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Nəticələrə görə, Azərbaycan ən azı 145 hərbi qulluqçusunu itirib.
“2022-ci ildə 85 nəfər Ermənistan ordusu ilə silahlı insident nəticəsində, 2 nəfər mina partlayışından, 11 nəfər avtoqəzadan, 9 nəfər müxtəlif xəstəliklərdən, 6 nəfər qeyri-nizamnamə hadisələrindən, 6 nəfər naməlum səbəblərdən, 4 nəfər isə bədbəxt hadisədən həyatını itirib"- hesabatda qeyd olunur.
2022-ci ildə ümumilikdə 22 hərbi qulluqçu intihar edib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov AbzasMedia-ya açıqlamasında bildirib ki, bu hesabat rəsmi məlumatlardan, online mətbuatdan, sosial şəbəkələrdən və hərbçilərin ailələrindən toplanmış informasiyalar əsasında hazırlanıb.
Azərbaycan Müdafiə Nazirliyindən AbzasMedia-ya bildirilib ki, itkilərlə bağlı ümumi statistika yoxdur, ancaq ayrı-ayrı dövrlərdə dərc olunmuş rəsmi məlumatları toplamaqla ümumi rəqəmləri müəyyən etmək olar.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu 2015-ci ildə yaradılıb. Qurumun araşdırma hədəfində olan əsas məsələlər təhlükəsizlik və müdafiə sektorunda insan haqları, silahlanma, korrupsiya ilə bağlı baş verən proseslərdir.