Aqil Abbas: "Əsgər intiharlarına görə kiminsə cəzalandırılmasına hələ ki rast gəlməmişəm”

Aqil Abbas: "Əsgər intiharlarına görə kiminsə cəzalandırılmasına hələ ki rast gəlməmişəm”
10 Yanvar 2023
Mətni dəyiş

Hərbi Prokurorluq yanvarın 9-da bir nəfər hərbçinin intihar etdiyini açıqlayıb
 
"Əsgərlərlə sərt rəftar onların intiharına yol aça bilər. Və yaxud Laçında, digər sərt hava şəraiti olan ərazilərdə hərbi xidmətə dözə bilməyən əsgərlər olur ki, belə halda da intihar edə bilərlər. Komandirlər onların yerini tez zamanda dəyişməlidir” - deyə deputat Aqil Abbas Anews.az saytına müsahibəsində deyib.
 
Aqil Abbas hüquq-mühafizə orqanlarını bu hadisələri dəqiq araşdırmamaqda ittiham edib.  O, əlavə edib ki, intihar hadisələri araşdırılmır deyə bu məsələnin həlli mexanizmi də dəqiq hazırlana bilmir: 
 
"Əsgər intiharlarına görə, kiminsə cəzalandırılmasına hələ ki, rast gəlməmişəm” -  deyə deputat deyib.

Hərbi Prokurorluq məlumat yayıb ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vüsal Məmmədov yanvarın 9-da odlu silahdan atəş açmaqla intihar edib.   
 
Bu, 2023-cü ildə ilk əsgər intiharı hadisəsidir. Ötən il hərbi xidmətdə 20-dən çox əsgərin intihar etdiyi açıqlanıb.  

Xəzər Müdafiə Tədqiqatları İnstitutunun (CDSİ) monitorinqinin nəticələrinə görə, 2022-ci ildə Azərbaycanda ümumilikdə 22 hərbçi intihar edib. Monitorinqə əsasən, ötən il Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib. Hərbi qulluqçulardan 87-si Azərbaycanla Ermənistanın sərhədində baş verən qarşıdurmalarda və Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazisindən atılan atəş nəticəsində güllə yarasından (85 nəfər güllə yarasından, 2 nəfər mina partlayışı nəticəsində həlak olub), 58-i isə qeyri-müəyyən şəraitdə vəfat edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun