Gürcüstanın Daxili İşlər Nazirliyi rəsmi açıqlama olacağı halda məlumat verəcəklərini bildiriblər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi yanvarın 12-də Gürcüstana buraxılmayıb.
Müxalif siyasətçi AbzasMedia-ya deyib ki, o Türkiyədən Gürcüstana keçərkən “Sarp” Sərhəd-Keçid Məntəqəsində saxlanılıb və Türkiyəyə geri qaytarılıb. Ona bildirilib ki, Gürcüstana girişinə qadağa qoyulub.
Seymur Həzi deyir ki, ona sərhəddən geri qaytarılması ilə bağlı heç bir səbəb göstərilməyib:
“Məndə bunun izahı yoxdur. Bilmirəm ki, Gürcüstan hökuməti mənim girişimə niyə qadağa qoyub? Amma əgər bu qadağa siyasi qərardırsa, Azərbaycan hökumətinin sifarişi kimi qiymətləndirirəm. Mən Türkiyəyə Gürcüstandan gəlmişdim və qayıdırdım, buraxmadılar, Türkiyəyə qayıtdım. Bütün əşyalarım da Gürcüstanda qalıb” – deyə siyasətçi bildirib.
Gürcüstanın Daxili İşlər Nazirliyi rəsmini OC Media saytına bildirib ki, rəsmi açıqlama olacağı halda məlumat verəcəklər.
Seymur Həzi bu günlərdə Türkiyəyə səfəri zamanı bu ölkənin müxalif siyasi partiyalarının rəhbər şəxsləri ilə görüşüb.
Seymur Həzi 2013-cü ildə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən hazırlanan izlənilmə sənədlərini yaymışdı. Sənədlərdən məlum olurdu ki, siyasətçinin sərhəddən ötürülməsi və sonra izlənilməsi qeyd olunub. Onunla bağlı bu əməliyyat da məhz Türkiyə və Gürcüstana giriş-çıxış edərkən baş verib.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.