Deputat Elşad Mirbəşir: "Milli dəyərlərimizə zidd kontentləri olan sosial şəbəkələr məhdudlaşdırılmalıdır"

Deputat Elşad Mirbəşir: "Milli dəyərlərimizə zidd kontentləri olan sosial şəbəkələr məhdudlaşdırılmalıdır" Elşad Mirbəşir/sia.az
26 Yanvar 2023
Mətni dəyiş

Millət vəkili deyir ki, sosial şəbəkələr tənzimlənməsə, "gənc nəslin gələcəyi təhlükə altına düşəcək"

Millət vəkili Elşad Mirbəşir sosial şəbəkələrlə bağlı tənzimləmələrin, lazım gəldikdə isə məhdudlaşdırmaların olmasını parlamentdə təklif edib. 

AbzasMedia-ya danışan millət vəkili deyir ki, tənzimləmələr olmasa, "gənc nəslin gələcəyi təhlükə altına düşəcək".

Onun sözlərinə görə, bu istiqamətdə nəzarət mexanizmləri olmalıdır: 

“Mən kompleks yanaşmanı təklif edirəm. Əksər hallarda sosial şəbəkələrdə insanların hüquqları pozulur, kimlərsə təhqirlərə məruz qalır, onların şəxsiyyəti alçaldılır. Bu şəbəkələrdə insanların hüquqlarının qorunması mexanizmi ilə bağlı düşünmək lazımdır. Xüsusilə, Tiktokla bağlı tənzimləmələr olmalıdır ki, azyaşlıların ora çıxışı məhdudlaşdırılsın. Azyaşlılar valideyinlərinin nəzarəti olmadan ora qoşulurlar və roliklər yerləşdirirlər. Tiktok-a baxanda gələcəyimizlə bağlı həyəcan keçirməmək olmur. Orada azərbaycanlı əxlaqına, mentalitetinə zidd videolar var. Azərbaycanın gələcək nəsillərinin əxlaqına, tərbiyyəsinə, mənəviyyatına mənfi təsir edən, bizim milli dəyərlərimizlə ziddiyyət təşkil edən kontentləri olan sosial şəbəkələr məhdudlaşdırılmalıdır. Biz milli kimliyimizi qorumalıyıq. Ona görə mən təklif etdim ki, dinləmələr olsun və lazımi addımlar atılsın”.

Elşad Mirbəşir təklif edir ki, sosial şəbəkələrin Azərbaycanda nümayəndəlikləri olsun və onlar kontentə görə məsuliyyət daşısınlar:

"Təklif edirəm ki, nümayəndəliklər müvafiq dövlət orqanları ilə əməkdaşlıq şəraitində məsələləri nəzarətdə saxlasınlar. Əgər sosial şəbəkələr məhdudlaşdırılsa, bu oradan səmərəli istifadə edən şəxslərin də haqlarının pozulması olacaq. Amma hətta belə olsa belə, mən düşünürəm ki, ümumilli rifah, cəmiyyətin maraqları naminə belə radikal addıma getmək olar. Ən azından bu xəbərdarlıqlar edilməlidir ki, o cür kontentlər yayılmasın, yığılsın”.

Millət vəkili əlavə edir ki, sosial şəbəkələrə çıxışın məhdudlaşdırılması informasiya əldə etmək hüququnu pozmuş olacaqsa, bu, onunla əsaslandırıla bilər ki, kontent "bizim milli mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edir, cəmiyyətin mənəvi sağlamlığını məhv edir".

Sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı illərdir deputatlar parlamentdə təkliflər verirlər.  Deputatların "tənzimləmə" deyə adlandırdıqları dəyişiklikləri müstəqil hüquqşünaslar "senzura" kimi qiymətləndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun