Puluna qənaət etmək üçün elektrikli maşın alan sürücü indi şəraitsizlikdən onu satmağa hazırlaşır
“Bu maşın elektrik tam dolandan sonra 150 kilometr gedə bilir. İmişliyə gedirdim, buradan gedib Ələtdə doldurdum, ondan sonra demək olar ki, qurğu yoxdur. Çətin vəziyyət yarandı, məcbur qalıb bir kafedən xahiş edib, orada "toka" qoşdum. İcazə verməsəydilər, çöllərdə qalacaqdım” – deyə elektromobil avtomobil sürücüsü Fuad Mustafayev deyir.
Sürücü 2022-ci ilin əvvəlində özünə elektromobil avtomobil alıb ki, xərclərinə qənaət etsin. Amma bir müddət sonra yarı yolda qalıb. O deyir ki, ölkədə elektriklə işləyən avtomobillərin istifadəsi üçün demək olar infrastruktur yoxdur.
Onun sözlərinə görə, şəhərdə bu avtomobillərin elektriklə doldurulması üçün yerlər azdır, gərək evdən çıxanda gedəcəyin yolla bağlı hesab-kitab aparasan:
“Elektromobil sürən dostlarımız var, artıq avtomobildən beziblər. Bu maşınların ili köhnəldikcə, enerji problemi də yaranır. Tam dolu vəziyyətdə əvvəlkinə nisbətən daha az kilometr gedir. Bir nəfər tanıyıram, maşını 30 kilometrdən artıq gedə bilmir. Çox çətinlik çəkir” – deyə Fuad Mustafayev bildirir.
Elektrikli avtomobillər pula qənaətlə yanaşı, həm də təbiəti zərərli qazlardan qorumaq üçün istifadə olunur. Azərbaycan 2016-cı ildən etibarən Birləşmiş Millətlər Təşkilatının “Paris Sazişi”nə qoşulub. Ölkə sazişə qoşulmaqla iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma qabiliyyətinin artırılması, iqlim dəyişmələrinə qarşı dayanıqlılıq və istixana effektli qaz tullantılarının azaldılması üzrə öhdəliklər götürüb.
Havaya çirkli tullantıların ən çox nəqliyyat vasitələrindən yayıldığını nəzərə alsaq, ölkənin həm yaşıl enerjiyə, həm də elektrikli avtomobillərə keçidlə bağlı məsuliyyəti var idi. Bəs görəsən, bu istiqamətdə hansı addımlar atılıb?
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, ölkədə elektrik avtomobilləri üçün infrastruktur qurulmayıb, elektrik doldurma məntəqələri azdır:
“İstəsələr, infrastuktur qurarlar, çətin deyil. Sözsüz ki, çox böyük vəsait tələb olunur. Kiçik bir məsələ deyil ki, deyək ki, qısa müddətdə bunu həll etmək olar. Amma ciddi iradə olsa, həll etmək mümkündür. Qonşu ölkələrdən Gürcüstanda da infrastuktur var, mən demirəm əladır, amma istənilən halda Avropaya inteqrasiyası güclü olan bir ölkə kimi Gürcüstan həm hibrid avtomobillər məsələsində, həm elektromobillərdə Azərbaycandan irəlidədir” – deyə ekspert qeyd edib.
Elməddin Muradlı bildirib ki, Avropa ölkələrində elektrikli avtomobillərdən istifadəni stimullaşdırmaq üçün müxtəlif addımlar atılır:
“Məsələn, insanlara elektrik doldurma qurğusunu evlərinin yanında və daha ucuz qiymətə təklif edirlər. Həmin ölkələr o avtomobilləri istehsal edirlər və ona görə də hər şey yaxşıdır. Ancaq bizdə böyük proses keçmək lazımdır, çətindir. Burada özəl müəssisələrdən də tələb etmək olmur ki, belə qurğular quraşdırın. Çünki onlar özəldirlər və öz maraqları var. İstənilən halda dövlət bu sistemi kompleks şəkildə yaratmalıdır” – deyə Elməddin Muradlı bildirib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məsələnin onların səlahiyyətində olmadığını bildirib. Bakı Şəhər İcra Hakimiyyəti isə zənglərimizə cavab verməyib.
Elektromobil sürücüsü Fuad Mustafayev isə maşını aldığı müddətdən bir il keçəndən sonra onu satmaq üçün artıq elan verib.