Nəsib Nəsibli: “Mən səfir olanda səfirliyin binası da, əməkdaşları da günlük çox qatı şəkildə izlənirdi”
Azərbaycanın İrandakı səfirliyinə hücumdan sonra səfirliyin əməkdaşları və onların ailə üzvləri oradan təxliyyə edilib, səfirliyin fəaliyyəti dayandırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə AbzasMedia-ya bildirib ki, səfirliyin fəaliyyəti dayandırılsa da, İranla diplomatik münasibətlər olduğu kimi qalır:
"Sadəcə səfirlik diplomatik fəaliyyətini dayandırıb. Bunun hansı müddətə qədər belə davam edəcəyi ilə bağlı qərar yoxdur. Terror hücumu olub və diplomatlarımız təxliyyə edilib, ölkəyə gətirilib. Diplomatik münasibətin isə səviyyəsi endirilməyib, olduğu kimi qalır. Ancaq şübhəsiz ki, bu, münasibətlərə mənfi təsir edən amildir"- Ayxan Hacızadə bildirib.
Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli deyir ki, baş verən silahlı hücum "qəddar bir terror aktıdır və buna görə İran dövləti məsuliyyət daşıyır".
“Mən səfir olduğum dövrdə buna bənzər hadisə olmayıb, ancaq izləmə olub, bu da təbii haldır. Səfirliyin binası da, əməkdaşları da günlük çox qatı şəkildə izlənirdi. Bu ciddi bir hadisədir və Azərbaycan Respublikasının İrandakı səfirliyinin təhlükəsizliyinin təmin edilməsi İranın vəzifəsi idi. Azərbaycan tərəfi də burada məsuliyyət daşıyır. Oradakı təhlükəsizlik sistemilə bağlı da suallar ortaya çıxır. İki qonşu arasında münasibətlərin bu şəkildə gərilməsi arzuolunan deyil. Ola bilsin ki, bundan sonra da bu tipli hadisələr olsun” – deyə Nəsib Nəsibli bildirib.
Keçmiş diplomat deyir ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin dayandırılması məsələsi də sorğulanmalıdır.
O düşünür ki, bu qərar İran hökumətinin xeyrinədir:
“İran orada Azərbaycan səfirliyinin olmamasından çox məmnun olacaq. Çünki Azərbaycan səfirliyinin funksiyası olduğu ölkədə gedən prosesləri öyrənib öz ölkəsinə məlumat verməkdir və ən əsası da Azərbaycanın Respublikasının varlığını orada bildirməkdir. İran Cənubi Amerika qitəsində və ya Cənubi Afrika qitəsində yerləşmir. Bizim İranda çox mühüm dövlət və milli maraqlarımız var, səfirliyin orada təhlükəsiz və gücləndirilmiş iş rejimində fəaliyyəti lazımdır” – deyə Nəsib Nəsibli bildirib.
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov səfirliyə edilmiş hücumu "terror aktı" adlandırır.
Onun sözlərinə görə, beynəlxalq konvensiyalarda da qeyd olunub ki, səfirliyin ərazisi aid olduğu ölkənin ərazisi hesab olunur:
“Tələb edilməlidir ki, İran hökuməti tam şəffaf şəkildə araşdırma aparsın və Azərbaycanı məlumatlandırsın. Bununla bərabər, Azərbaycan səfirliyində Azərbaycan vətəndaşı öldürüldüyü üçün bizim tərəf də cinayət işi çərçivəsində araşdırma aparmalıdır” – deyə E. Məmmədyarov bildirib.
Sabiq diplomat deyir ki, o nazir olanda narahatlıq doğuran məsələlər diplomatik kanallarla həll edilirdi:
“Bəziləri İranın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirirdilər və biz Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayırdıq ki, əraziyə əlavə polislər cəlb edilsin, çünki bu beynəlxalq konvensiyalara uyğun öhdəlikdir. Hökumət öhdəlik götürüb ki, həm diplomatik nümayəndəliklərin, həm də diplomatların yaşadığı yerlərin təhlükəsizliyi təmin edilsin. Əgər İran hökuməti məsələni normal şəkildə araşdırmasa, bu, gərginliyə səbəb olacaq. Bundan sonra Azərbaycan tərəfi vəziyyətə uyğun olaraq müxtəlif addımlar ata bilər”.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Səfirliyə edilən silahlı hücumla bağlı araşdırma aparılır.