Hər iki qurum məsələ ilə bağlı açıqlama verməyib
İpoteka və Kredit Zəmanət Fondu 11 yanvarda Əmanətlərin Sığortalanması Fondu ilə dəyəri 42 min 480 manat olan satınalma müqaviləsi imzalayıb.
Müqavilə qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlıdır.
Dövlət Vergi Xidmətinin 11 yanvar 2023-cü ilə olan rəsmi məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun dövlətə 983 min 938 manat vergi borcu var.
“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə tenderdə iştirak edən qurumun vergi borcu olmamalıdır.
Qeyd olunan satınalma üzrə tenderin keçirilməsilə bağlı elan da verilməyib.
Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb və onun sərəncamı ilə Tural Piriyev Fondun icraçı direktoru vəzifəsinə gətirilib.
Əmanətlərin Sığortalanması Fondu ilə əlaqə saxlayıb dövlətə vergi borcları ola-ola tenderdə necə iştirak etmələrini soruşsaq da, Fondun Emil adlı əməkdaşı AbzasMedia-nın Media Reyestrinə düşməməsini əsas gətirərək cavab verməkdən imtina edib.
İpoteka və Kredit Zəmanət Fondunun hüquq şöbəsindən bizə açıqlama veriləcəyi bildirilsə də, daha sonra məlumat verilməyib.