Azərbaycan 14 ildir “Eurimages”ə üzv ola bilmir
14 ildir azərbaycanlı kinorejissorlar dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlər çəkmək üçün dövlətin “Eurimages” Dəstək Fonduna üzv olmasını gözləyirlər.
Amma “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” ilə bu gözlənti belə uzun çəkməməli idi. Proqrama əsasən Azərbaycan 2009-cu ildə “Eurimages” Dəstək Fonduna üzv olmalı idi.
“Deyirlər ki, bizim “Creative Europe”yə, “Eurimages”ə qoşulmağa vaxtımız yoxdur, gedin başınıza çarə qılın"- kinorejissor Elvin Adıgözəl bildirir.
E. Adıgözəl deyir ki, Azərbaycan “Eurimages”ə üzv olmaq üçün birinci “Creative Europe” proqramına qoşulmalıdır.
O, bu istiqamətdəki işləri ürəkaçan hesab etmir:
““Creative Europe”nin nümayəndələri Azərbaycan tərəfi ilə bu istiqamətdə danışıblar. İndi Mədəniyyət Nazirliyi və Prezident Administrasiyası məsləhətləşib bununla bağlı ortaq qərar verməlidirlər, ancaq bu məsələ həll olunmur. 2008-2018 Dövlət proqramının 1 bəndi də icra olunmayıb. Azərbaycanda sənətçinin müstəqil şəkildə və yaxud dövlət dəstəyilə, xarici ortaq layihlərlə yaşayışını təmin etməsi dövlət siyasətində prioritet deyil” – deyə Elvin Adıgözəl bildirib.
Prodüser, rejissor Mariya İbrahimova deyir ki, “Eurimages”ə qoşulma prosesi çox çətindir. O bildirir ki, bunun üçün Azərbaycanın kino sənayesi ilə bağlı geniş hesabatı olmalıdır.
“Ümumiyyətlə, biz nəyə hazır olduğumuzu göstərməliyik. Ancaq faktiki olaraq biz heç nəyə hazır deyilik. Əlimizdə buna hazır olduğumuzu sübut edəcək heç nə yoxdur. Biz başqa ölkələrlə birlikdə həyata keçirilən işlərimizi göstərməliyik, ancaq ARKA (Azərbaycan Respublikası Kino Akademiyası) fəaliyyət göstərmədiyindən bunu da edə bilməyəcəyik. İndi bütün gücümüzü “Creative Europe”yə qoşulmağa qoymalıyıq, ora qoşula bilməsək, “Eurimages”ə qoşula bilməyəcəyik” – deyə Mariya İbrahimova bildirib.
Mədəniyyət Nazirliyi AbzasMedia-nın sorğusuna cavab olaraq bildirib ki, “Eurimages” Fonduna üzv olmaq üçün Azərbaycanda kino siyasətini həyata keçirən qurumun olması, ikinci mərhələdə isə ölkənin kino sənayesinin mövcud vəziyyətini əks etdirən xüsusi hesabatın hazırlanması lazımdır:
“Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxs yaradılıb. Göründüyü kimi, “Eurimages” Fonduna üzvlüklə bağlı artıq ilkin və əsas addım atılıb. Yaxın zamanda ARKA fəaliyyətə başladıqdan sonra Azərbaycanın Fonda üzvlük məsələsi ilə bağlı növbəti müvafiq işlərin görülməsi nəzərdə tutulur” – deyə cavabda qeyd olunub.
Azərbaycanın “Eurimages” Fonduna nə vaxt üzv olacağı ilə bağlı dəqiq tarix bilinmir. Kinorejissorlar isə ümid edirlər ki, dünyanın aparıcı kino şirkətləri ilə tezliklə əməkdaşlıq edə biləcəklər.