“Qanun yüzlərlə medianın fəaliyyətinə reyestrdə olmamalarına görə xitam verilməsi təhlükəsi yaradır”
Jurnalistlər və media mütəxəssisləri artıq tətbiqinə başlanılan yeni “Media haqqında” Qanunla bağlı mövqe sənədi yayıblar.
Jurnalistlər sənəddə qeyd ediblər ki, qanununda Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə və media azadlığına ciddi problemlər yaradır:
“Yeni qanunun tətbiqinin media, jurnalist azadlığına, onların hərəkət və fəaliyyət sərbəstliyinə çox ciddi neqativ təsirlər göstərəcəyi qaçılmazdır. Qanun Azərbaycan Konstitusiyasına və Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasına da ziddir, bu, Avropa Şurası Venesiya Komissiyasının rəyində də göstərilib” – deyə sənəddə qeyd edilib.
Media nümayəndələri bildiriblər ki, Medianın İnkişafı Agentliyi uzun müddətdir ki, fəaliyyət göstərən 10-dan artıq medianın reyestrə daxil edilməsindən texniki səbəbləri əsas gətirərək imtina edib, 10-larla media və jurnalistlərə xəbərdarlıq olunub.
Sənəddə qeyd olunub ki, həm bu, həm də reyestr formalaşdırılmasından sonrakı mərhələ, 100-lərlə medianın fəaliyyətinə xitam verilməsi təhlükəsi yaradır.
Jurnalistlər bildirirlər ki, hazırda qeydiyyatdan keçməyən mediaların və jurnalistlərin həm paytaxtda, həm də yerlərdə fəaliyyətinə manelər yaradılır:
“Biz, prinsipcə, reyestrin əleyhinə deyilik, ancaq media və jurnalistlər üçün məcburilik prinsipinə söykənməyən, sadəcə, statistik baza rolu oynayan, könüllülük prinsipi üzrə, ifadə, media azadlığını zədələməyən resursun formalaşdırlmasını doğru sayırıq. Qeyd edilənləri nəzərə alaraq, dünyanın heç bir mütərəqqi ölkəsində belə məzmunda media qanunvericiliyinin mövcud olmadığını vurğulayaraq, “Media haqqında” Qanunun reyestrin yaradılması ilə bağlı müddəalarının, xüsusilə də 65.4.4-cü maddəsinin (müəyyən olunan quruma rəsmi müraciət edilmədikdə çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılması) qanundan çıxarılmasını tələb edirik” – deyə media nümayəndələrinin mövqe sənədində qeyd olunub.
Sənədi 37 nəfər media nümayəndəsi imzalayıb.
Medianın İnkişafı Agentliyi AbzasMedia-ya məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
“Media haqqında” Qanun 2022-ci ilin fevralın 8-də təsdiq edilib.
Ardınca Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuata dövlət nəzarətini gücləndirən "Media haqqında" Qanunu ləğv etməyə çağırıb.
Avropa Şurası Nazirlər Komitəsi ötən ilin dekabrında hakimiyyət orqanlarını “Media haqqında” Qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edən qətnamə qəbul edib.
Hökumət qurumları qəbul edilən qətnaməylə bağlı rəy verməyiblər.