Tarif Şurası sərnişindaşıma xidmətləri üzrə qiymətləri 10 qəpik artırıb
Tarif Şurası 31 yanvarda keçirdiyi iclasda metro və avtobuslardakı qiymətləri artırıb.
Şuranın məlumatında bildirilib ki, metroda və şəhərdaxili avtobuslarda tarif 1 gediş üçün 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik olub).
2022-ci il aprelin 8-də Bakıda fəaliyyət göstərən 40-a yaxın sərnişindaşıma şirkəti avtobuslarda gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət ünvanlamışdı.
Müraciətlərdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsir etdiyi, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı qiymətin artırılmasına ehtiyac yarandığı bildirilmişdi.
Qeyd edilib ki, qiymətin artırılması nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək.
Qərar fevralın 3-dən qüvvəyə minir.
Sonuncu dəfə ictimai nəqliyyatda qiymətlər 2018-ci ilin avqustun 1-də 30 qəpik olaraq müəyyənləşdirilmişdi.