“Məhkəmənin işinə müdaxilə etmək həmin o Qərbin dünyaya təqdim etdiyi və israrla təklif etdiyi hakimiyyət bölgüsü prinsipinin pozuntusudur”
Yanvarın 13-də ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini həbsdə olan siyasətçi Tofiq Yaqublunu və ictimai fəal Bəxtiyar Hacıyevi tez bir zamanda azadlığa buraxmağa çağırıb.
Bu barədə çağırışı Departamentin mətbuat katibinin müavini Vedant Patel brifinqdə səsləndirib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AbzasMedia-ya bildirib ki, məhkəmə öz qərarını verib və bu proses davam edir:
“Hesab edirəm ki, məhkəmənin işinə müdaxilə etmək həmin o Qərbin dünyaya təqdim etdiyi və israrla təklif etdiyi hakimiyyət bölgüsü prinsipinin pozuntusudur. Azərbaycan məhkəmələri müstəqil şəkildə fəaliyyət göstərirlər. Mən əminəm ki, bu günə qədər obyektiv qərarlar verilib, bundan sonra da veriləcək” – deyə o bildirib.
Səmədov Departamentin çağırışına münasibət bildirərərək deyib ki, Azərbaycan "obyektiv məsələlərlə bağlı öz öhdəliklərini yerinə yetirməyə hazırdır".
O əlavə edib ki, qərəzli məsələlər varsa, Azərbaycan ona qarşı çıxacaq:
“Qaranı ağdan seçmək lazımdır. Qərbdən gələn bəzi məsələləri, xüsusən də ümumbəşəri məsələləri, insan haqları və demokratik dəyərləri, qanunun aliliyi kimi mövzuları müxtəlif ölkələrə təzyiq aləti kimi istifadə edirlər. Bundan agah olmaq lazımdır”.
Ötən ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.
O, yanvarın 9-da aclıq aksiyasına başlayıb.
Müxalif siyasətçi Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq ötən ilin 23 dekabrında Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb.
O, həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası verilib.
Tofiq Yaqublu yanvarın 5-dən aclıq aksiyasına başlayıb.