Şəmkirin sabiq icra başçısı: “40 min manatı mənimsəmişəm”

Şəmkirin sabiq icra başçısı: “40 min manatı mənimsəmişəm”
24 Yanvar 2023
Mətni dəyiş

Alimpaşa Məmmədov siyahıyaalınma zamanı toplanmış pulların ona çatdığını məhkəmədə etiraf edib

Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. 

APA xəbər verir ki, 24 yanvarda Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda icra nümayəndələri, bələdiyyə sədrləri, bağça müəllimləri dindirilib.

İş üzrə epizodlardan biri əhalinin siyahıya alınması zamanı mənimsəmə ilə bağlıdır. Prosesdə ifadə verən icra nümayəndələrinin dediklərinə görə, siyahıyaalınma zamanı toplanan pulu Şəmkir rayon Statistika İdarəsinin müdiri Pərvin Gözəlova veriblər. P. Gözəlov isə toplanmış vəsaiti rayon icra başçısının köməkçisi Qüdrət Əliyevin vasitəsi ilə Alimpaşa Məmmədova çatdırıb.

Alimpaşa Məmmədov özü də siyahıyaalınma zamanı toplanmış pulların ona çatdığını etiraf edib:

“Bu məsələdə birbaşa günahkar mənəm, toplanmış 40 min manatı mən mənimsəmişəm”.

Proses yanvarın 31-də davam etdiriləcək.

Alimpaşa Məmmədov 2021-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  keçirdiyi əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193.1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun