Azərbaycan korrupsiya indeksində 29 pillə geriləyib
“Transparency International” beynəlxalq qeyri-hökumət təşkilatı yanvarın 31-də 2022-ci il üçün Korrupsiya Qavrama İndeksini dərc edib.
Təşkilat 180 ölkə və ərazidə dövlət sektorunda korrupsiya haqqında ekspertlər və biznes adamlarının təsəvvürlərinin, qavrayışlarının səviyyəsini göstərir.
İndeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə korrupsiya səviyyəsinin çox yüksək olduğunu göstərir.
Azərbaycan 23 balla indeksin dibində, Tacikistanla (24) Türkmənistanın (19) arasında yer alıb. Bu üç ölkə Avrasiya regionunda ən az bal yığanlardır.
Gürcüstan 100 baldan 56, Ermənistan 46 və Monteneqro 45 bal yığıb. Bu üç ölkənin göstəricisi qlobal ortalama 43 baldan yuxarıdır.
180 ölkə içində 157-ci yerdə qərarlaşan Azərbaycan ötən il 30 balla 128-ci olub.
“Transparency International” bu ölkədə hakimiyyətin əsasən İlham Əliyev və ailəsinin əlində olduğunu vurğulayır. Təşkilatın ekspertləri bildirirlər ki, Azərbaycanda korrupsiya tüğyan edir və illərdir rəqib siyasətçilərə, vətəndaş cəmiyyətinə qarşı repressiyalar nəticəsində müxalifət zəifləyib.
Korrupsiyanın qavranılması baxımından Azərbaycan dünyada ən pis göstəriciyə malik Cənubi Sudan və Suriyanı cəmi 10 bal qabaqlayır.
Ötən il olduğu kimi, bu dəfə də Danimarka, Finlandiya və Yeni Zelandiya liderdir.
Bu indeks 13 xarici mənbə, o cümlədən Dünya Bankı, Dünya İqtisadi Forumu, konsultasiya şirkətləri və təhlil mərkəzlərinin datası əsasında hazırlanır.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Transparency International” təşkilatının yaydığı hesabatla bağlı şərh verməyib.
Azərbaycan hökuməti ölkədə korrupsiyanın olduğunu danmır, ancaq bu mənfi tendensiya ilə sistematik mübarizə aparıldığını bildirir. Son illər bir sıra rayonların icra hakimiyyəti başçıları, dövlət qurumlarının yüksək vəzifəliləri, nazir, nazir müavinləri mənimsəmə, rüşvətxorluq ittihamları ilə həbsə atılıb, mühakimə olunub. Ancaq müşahidəçilər bu mübarizəni yetərli saymır, burada daha çox hakimiyyətdaxili çəkişmə izlərinin olduğunu iddia edirlər.