Daşaltı əməliyyatında itkin düşən Veysəl Qasımovun nəşi tapılaraq 31 il sonra dəfn edilib
Oktyabrın 4-də Birinci Qarabağ Müharibəsində itkin düşən Veysəl Qasımovun nəşinin qalıqları 2-ci Fəxri Xiyabanda dəfn edilib.
Ailəsi 31 ildir ki, ondan xəbər ala bilmirdi. Veysəl Qasımov 1992-ci ildə Daşaltı kəndində gedən döyüşlərdə itkin düşmüşdü. Onun nəşinin qalıqları 31 il sonra, ötən ay Şuşanın Daşaltı kəndində aşkarlanıb.
Veysəl Qasımovun həyat yoldaşı Mərziyyə Qasımova Abzas Media-ya deyib ki, ailəsi uzun illər onun yolunu gözləyib. İlk vaxtlar qayıdacağına ümidləri olsa da, sonradan ümidləri azalıb:
“Hərbiyə gedəndə 29 yaşı var idi. İki qızımız var. O gedəndə qızımızın birinin 2 yaşı təzə tamam olmuşdu, 14 gün idi. Biz 31 ildir onu gözləyirdik. İlk vaxtlar ümid var idi qayıtmasına, sonra özünüz də vəziyyəti bilirsiz... İtkin düşəndən 6 ay sonra da şəhid statusu verdilər. Hər il uşaqlarımla birlikdə Şəhidlər Xiyabanını ziyarət edirdim. Onlar da bizim atalarımız, qardaşlarımız, şəhidlərimizdi. Riad Əhmədovun nəşi tapılanda əmin oldum ki, yoldaşımın da nəşi tapılacaq. Çünki onlar bir yerdə döyüşmüşdülər”, – deyə o, bildirib.
M.Qasımova deyir ki, yoldaşı idmançı olub və 1992-ci ildə müharibə başlayanda hərbi hissələrin birinin əsgərlərinə təlim keçib. Onun sözlərinə görə, bu səbəbdən də Riad Əhmədov (Azərbaycan Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini, ölümündən sonra Milli Qəhrəman) Veysəl Qasımovu yanına götürüb, sonra elə birlikdə həlak olublar:
“Bu illər ərzində ürəyimizdə yaşayırdı, uşaqlarımı böyüdə-böyüdə gözləyirdim. Heç vaxt onu ölmüş kimi qəbul etmirdik, yaşayırdı bizim üçün. Amma indi sevinirik. Bir atalar sözü var, “Kiminsə ölüsünə paxıllıq etmək”. Keçən il bizdə də bu hiss oldu. Deyirdik ki, ay Allah, heç olmasa qəbri olardı, onu gedib ziyarət edərdik. Torpağını qorumağa getmişdi. 2020-ci ildə müharibə başlayanda iki qız övladı da könüllü yazıldı, ancaq döyüşə aparmadılar”, – deyə o, bildirib.
Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. O, ailəsilə birlikdə Əhmədli qəsəbəsində yaşayıb. 1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.
Veysəl Qasımovun nəşinin qalıqları sentyabrda Daşaltı kəndində aparılan araşdırmalarda aşkar olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib ki, 9 nəfəri hərbçi, 1 nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşın meyitinin qalıqlarının eyniləşdirilməsinə nail olublar.