Deputat Hikmət Babaoğlu: "Azərbaycanlılara münasibətdə bu nifrət ermənilərin beynindən silinməsə, reinteqrasiya baş tutmaz"
Sentyabrın 19-da başlayan hərbi əməliyyatların başa çatması ilə rəsmi Bakı və Qarabağda yaşayan erməni əhalisinin təmsilçiləri arasında danışıqlar başladı.
Danışıqların ilkin mərhələsində erməni əhalisinə humanitar yardım göndərilməsi razılaşdırılsa da, məsələlərin köklü və Azərbaycan Konstitusiyasına uyğun şəkildə həlli ilə bağlı yekun qərarlar olmadı. Buna paralel olaraq, Qarabağda yaşayan erməni əhalisi kütləvi şəkildə Azərbaycanı tərk etdi.
Oktyabrın 2-də Azərbaycan hökuməti Qarabağda yaşayan erməni əhalisinə təqdim olunan “reinteqrasiya planı” məzmunlu sənədin mətnini yayıb. Sənəddə bir sıra hüquqi, siyasi, sosial-iqtisadi məsələlər qeyd olunsa da, bu müddəaların nə qədər işlək olacağı sual altındadır.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Abzas Media-ya deyir ki, hələ də davam edən problemlər var və onlar həllini tapmasa, reinteqrasiya planının işləməsinə ümidi yoxdur.
Onun sözlərinə görə, ümumilikdə, bütün bu məsələlərin həlli üçün siyasi iradə lazımdır.
“Birincisi, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər yoxdur, düşmənçilik var. Bu aradan qalxmalıdır. Tez bir zamanda sülh sazişinin imzalanması buna kömək edə bilər. Yaxşı olar ki, yaxın bir neçə ay ərzində saziş imzalansın.
İkinci məsələ odur ki, erməni əhali Qarabağı tərk edib. Deyilənə görə, əhalinin 90 faizi oradan gedib. Onların geri qayıtması ilə bağlı məsələlər üzərində işləmək lazımdır, necə etmək olar ki, qayıtsınlar? Onlar, əsasən, təhlükəsizlik məsələlərini vurğulayırlar. Təhlükəsiz yaşayışı təmin etmək məqsədilə beynəlxalq təşkilatların orada fəaliyyət göstərməsinə şərait yaradıla bilər. Hazırda BMT missiyası getdi, onların sayını çoxaltmaq olar. BMT-nin Azərbaycandakı nümayəndəliyindən xahiş etmək olar ki, orada da bir ofis açsınlar. Yəni erməni əhalisində güvən yaransın. Bu kimi məsələlərdən sonra reinteqrasiya planını işə salmaq olar. Bunun üçün də siyasi iradə olmalıdır”, – deyə, o bildirib.
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyir ki, Azərbaycanda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması siyasi və hüquqi məsələdən çox mənəvi-psixoloji məsələdir.
Onun sözlərinə görə, insan beynində obyektiv, mövcud reallığa reinteqrasiya olunmaq üçün özünü hazırlamasa, sərhədlərin delimitasiya-demarkasiyası, sülh sazişinin olub-olmaması heç bir rol oynamayacaq.
“Əlbəttə ki, prosesin gedişində sülhün olmaması, sərhəd boyu atışmaların olması bütövlükdə reinteqrasiya prosesinə mənfi təsir edəcək. Ona görə də, Ermənistan təxribatlara son verib, beynəlxalq hüquq əsasında sülh müqaviləsi imzalamalıdır ki, regiona sabitlik gəlsin. Ancaq əsas məsələ odur ki, Azərbaycanda yaşayan ermənilərin həm fərdi, həm də ümumi siyasi şüurlarında Azərbayacana qarşı etnik nifrət formalaşıb.
Azərbaycanlılara münasibətdə bu nifrət onların beynindən silinməsə, bu reinteqrasiya baş tutmaz. Ona görə də, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər Azərbaycan xalqının necə humanist, sülhsevər, ali dəyərlərə mənsub xalq olmasını özlərinə yenidən izah edib, özlərini hazırlamaqla Azərbaycan cəmiyyətinə reinteqrasiya edə bilərlər. Azərbaycan da bunun üçün hər cür şərait yaradır. Humanitar yardım göndərir, təhlükəsizliklərini təmin edir. İkinci Qarabağ müharibəsindən sonrakı müddətdə Azərbaycan onlara zaman tanıyıb ki, xalqın onlara necə davrandığını görsünlər və Azərbaycan vətəndaşı olmaq kimi ali statusa hazırlaşsınlar”, – deyə, o bildirib.
Sentyabrın 19-da Azərbaycan ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə olan qanunsuz silahlı qruplaşmaya qarşı “Antiterror” adlandırdığı hərbi əməliyyatlara başladığını elan edib. Sentyabrın 20-də isə tərəflər hərbi əməliyyatların dayandırılması və danışıqlara başlanması ilə bağlı razılığa gəliblər.
Azərbaycan bir günlük əməliyyatda 203 hərbçisini itirib.
Sentyabrın 27-də “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 55 yaşlı Ruben Vardanyan saxlanılaraq həbs olunub. Sentyabrın 28-də Qarabağdakı qeyri-leqal hökumət yanvarın 1-nə qədər buraxılacağını elan edib.
Sentyabrın 29-da isə 2015-2018-ci illərdə “Dağlıq Qarabağ Respublikasının müdafiə naziri” vəzifəsində çalışmış Lyova Mnatsakanyan və 2013-2023-cü illərdə “DQR prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi” vəzifələrində işləmiş David Babayan həbs olunub.
Hər üç şəxs terrorizm, sülh və insanlıq əleyhinə olan ağır cinayətlərdə ittiham olunurlar.