"Elə yerimdən vururdular ki, utanıb göstərməyim"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Həbibov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən oğurlanaraq döyüldüyünü deyir.
Abzas Media-ya danışan Həbibov bildirir ki, onu döyən şəxslərin polis əməkdaşları olduğunu ehtimal edir:
“Gecə saatlarında Qaradağ rayonunun Qızıldaş qəsəbəsində 3 nəfər mülki şəxs məni zorla saxlayıb, öz maşınlarına mindirdilər. Bir az gedəndən sonra məni düşürdülər, dedilər ki, sən niyə öz işinlə məşğul olmursan? Düşünürsünüz ki, hakimiyyətə gələcəksiniz?Ağır təhqirlər edə-edə məni dəyənəklə döyməyə başladılar. İki dəfə başımdan vurdular, onlardan biri dedi ki, başından vurmayın. Elə yerimdən vururdular ki, utanıb göstərməyim. Belimə də vurdular, dəyənək izləri hələ də qalır. Nəfəs alanda çətinlik çəkirəm”, – deyə o bildirib.
M.Həbibov deyir ki, hadisədən sonra Qaradağ rayonu 38-ci Polis Bölməsinə müraciət edib. Amma bu vaxta qədər onun xəsarətlərini müəyyən etmək üçün tibbi ekspertizaya göndərməyiblər.
Həbibov bildirir ki, onun heç kimlə şəxsi ədavəti yoxdur, baş verənlər siyasi fəaliyyətilə əlaqəlidir:
“Polisin biganə yanaşmasına, siyasi fəaliyyətimlə bağlı təhdidlərə, dəyənəyin də sıravi vətəndaşlarda yox, polisdə olmasına görə, düşünürəm ki, bu şəxslər mülki polis əməkdaşları olublar. Polis işə baxmasa, yəqin ki, yuxarı instansiyalara müraciət edəcəm. Çünki onların ixtiyarı yoxdur ki, bir insanın ləyaqətinə belə toxunsunlar, alçaltsınlar. Həm sağlamlığıma zərər vurdular, həm də ləyaqətimə toxundular. 38 yaşım var, hələ belə şeylə qarşılaşmamışdım".
M.Həbibov deyir ki, oktyabrın 17-nə qədər Azərbaycanda müayinə olunmaq istəyib, amma bu mümkün olmayıb.
"Hara getdim, baxmadılar. Məcbur olub tibbi yoxlanışdan keçmək üçün Gürcüstana gəlmişəm".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
M. Həbibov 2022-ci ilin oktyabrında keçirilən mitinq zamanı da döyülüb.