ETSN: "Ağaclar kökündən çıxarıldığı üçün onların növünü müəyyən etmək mümkün olmayıb"
Bakının Xətai rayonunda ağaclar qanunsuz olaraq kəsilib.
Abzas Media-ya bu barədə məlumatı jurnalist Vüsalə Rüstəmova verib. Onun sözlərinə görə, ağac kəsimi oktyabrın 30-u gecə saatlarında Məhəmməd Hadi küçəsi 70-də baş verib:
“Orada “Həzi Aslanov 2” metro stansiyası tikilir, çoxdandır bağlı idi. Deyirlər, o hissədə metronun şaxtası olacaq. 3 yer hasarlanmışdı, indi onun ikisində yenidən tikinti işləri görülür. Digərində də yarmarka tikdilər. İndi iş görülən sahələrin birində ağacların çıxarılması müşahidə olunur.
Məhəmməd Hadi küçəsi Xətai rayonunun azsaylı ərazilərindəndir ki, yaşıllıq zolağı müəyyən qədər qalıb. Ancaq abadlaşdırılmasına ehtiyac var. İcra Hakimiyyəti dəfələrlə bildirib ki, abadlaşdırılacaq, ağaclar əkiləcək. Amma park salınacağı gözlənilən ərazidə meyvə yarmarkası üçün böyük obyekt tikildi. Bir qədər aralıdakı ağacları kəsib, bina tikdilər. Ərazinin yaşıllığı hissə-hissə məhv edilir”, – deyə, o bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Abzas Media-ya bildirib ki, qeyd olunan ərazidə beş ağac kökündən çıxarılıb:
“Ağaclar kökündən çıxarıldığı üçün onların növünü müəyyən etmək mümkün olmayıb. Ağacları çıxaran şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi barədə araşdırmalar davam etdirilir. Araşdırmalar yekunlaşandan sonra faktlar Baş Prokurorluğa göndəriləcək”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə iddiaları təkzib edib:
“Ola bilər ki, hasar bizə aid olan sahənin hasarına oxşayır, amma ağacların kəsildiyi ərazi “Bakı Metropoliteni” QSC-yə aid deyil”, – deyə, o Abzas Media-nın sorğusuna cavab verib.
Xətai Rayon İcra Hakimiyyətindən isə sorğuya cavab almaq mümkün olmayıb.