Deputat: “Belə halların olması bəzən qanunvericilikdə olan boşluqlardan irəli gəlir”
Son bir ayda Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilən 2 nəfər barəsində bəraət hökmü çıxarılıb. Abzas Media-ya bu barədə Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 12-də hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Rəhimov, oktyabrın 17-də isə hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə E. Ağayev bəraət alaraq, məhkəmə zalından azadlığa buraxılıblar.
E.Ağayev Cinayət Məcəlləsinin 234.1.1-ci (narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), R.Rəhimov isə 234.4.3-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikə) maddəsilə ittiham olunublar. Ancaq məhkəmə hər iki iş üzrə yetərincə sübut olmadığını əsas gətirərək, barələrində bəraət hökmü çıxarıb.
Bundan əvvəl də eyni məhkəmədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan bir neçə şəxslə bağlı bəraət hökmü verilmişdi.
Bəs görəsən, bu şəxslər necə həbs olunur və iş Ağır Cinayətlər Məhkəməsinə kimi gəlir?
Millət vəkili Fazil Mustafa Abzas Media-ya deyir ki, belə halların olması bəzən qanunvericilikdə olan boşluqlardan irəli gəlir. Onun sözlərinə görə, narkomaniya ilə mübarizədə daha çox müalicə sisteminin üzərində düşünülməlidir:
“Elastiklik olmadığına görə, miqdar məsələsi olanda cinayət məsuliyyəti ilə inzibati məsuliyyətin sərhədlərini müəyyən etmək çətinləşir. Bu baxımdan bəzən bu cür işlərdə bəraət hökmü daha çox nəzərə alınır. Ancaq biz narkomaniya ilə bağlı məsələdə daha çox müalicə sisteminin üzərində düşünməliyik, nəinki həbsin. Çünki müalicə olunma sistemini daha təkmil şəkildə qursaq, ən azı proflaktika baxımından irəliləyiş olar, cinayət halları azalar”, – deyə o, bildirib.
Baş Prokurorluq Abzas Media-nın məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.