Birinci Qarabağ müharibəsi veteranı əsassız olaraq pensiyasının kəsildiyini deyir
“Evdə dörd nəfər idik: yoldaşım, nəvəm, qızım və mən. Elə vəziyyətə düşdük ki, qızım baş götürüb getdi. Dörd nəfər ailəni 3 ildir ac-susuz qoyublar”.
Bu sözləri Birinci Qarabağ Müharibəsinin iştirakçısı, döyüşlərdə yaralanan Rauf Qurbanov deyir. Onun sözlərinə görə, 2008-ci ildən 2-ci qrup əlillik pensiyası və Prezident təqaüdü alıb, ancaq 2021-ci ilin yanvarından ödənişlər kəsilib:
“1992-ci ildə könüllü şəkildə Qarabağ uğrunda müharibədə iştirak etdim. Tankla olduğumuz mövqeyi vurdular, sağ ayağımdan tutmuş, başıma qədər qəlpə yaraları aldım. 5-10 gün müalicə alıb, yenidən döyüşlərə qayıtdım. Suqovuşanda dizdən yuxarı güllə yarası aldım, sol tərəfim də sıradan çıxdı. Ondan sonra dövlət mənə yardım etdi. Əlillik almaqda çətinlik yaradırdılar, 2008-ci ildə ayağıma görə vəkilin köməyi ilə 2-ci qrup əlillik aldım. 475 manat pensiya verirdilər, 230 manat da prezident təqaüdü.
Sonuncu dəfə 2015-ci ildə yoxlanışa getdim, dedilər, 5 illik verək, ondan sonra ömürlük olacaq. Amma 2021-ci ilin yanvarından əlilliyim və bütün ödənişlər ləğv olundu”, – deyə, o bildirib.
Keçmiş döyüşçünün sözlərinə görə, əyani müayinəyə çağırılsa da, orada normal yoxlanış aparılmayıb.
“Tank qəlpələrini adi güllə kimi yazıblar. Prezident Administrasiyasına, Mehriban Əliyeveya məktub yazmışam, cavab yoxdur. 44 günlük müharibədən sonra pensiyamı dayandırdılar”.
Rauf Qurbanov deyir ki, 2019-ci ildə gəlirlərini göstərib, bankdan kredit götürüb, indi 3-4 min manat kredit borcu da yığılıb, ödəyə bilmir.
“O puldan başqa evimizə 1 manat da gəlmirdi. İndi yaşla bağlı pensiya verirlər - 280 manat, bank da 50 faizinə “stop” qoyub. Biz 140 manatla necə dolanaq? Evdə dörd nəfər idik, yoldaşım, nəvəm, qızım və mən. Elə vəziyyətə düşdük ki, qızım baş götürüb getdi. Dörd nəfər ailəni 3 ildir ac-susuz qoyublar. Bu gün getmişəm həkimə, müayinə olunmuşam, böyük bir resept yazıb, heç baxmamışam, elə də ağlaya-ağlaya gəlmişəm evə. Kimin üstünə gedim ki, mənə dərman al?”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sözçüsü Gülnar Əzizova “Abzas Media”nın sorğusuna cavab olaraq bildirib ki, Rauf Qurbanovun əlillik müddəti 2020-ci ilin dekabrında başa çatıb:
“Rauf Qurbanov 2021-ci il iyunun 26-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnoza dair anamnestik və obyektiv müayinələr aparılıb, patofunksional pozğunluq qeydə alınmayıb. Bu səbəbdən, mövcud qanunvericiliyə müvafiq olaraq, diaqnozun əlillik təyinatına əsas verməməsi barədə qərar qəbul edilib”,– deyə, o bildirib.