Onun üzr istəməsi və 1000 manat cərimə ödəməsi tələb edilib
Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu kollegiya ilə bağlı mətbuatda dərc olunan fikirlərinə görə məhkəməyə verib. Bu barədə məlumatı Meydan TV yayıb.
Məlumata görə, hüquqşünas Meydan TV-də dərc olunmuş “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına fikirlər səsləndirib.
Sözügedən araşdırmada qeyd olunub ki, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkəti Pirallahı rayon Məhkəməsinin sədri Faiq Qasımovun oğluna məxsusdur və Vəkillər Kollegiyası bu şirkətlə müqavilə bağladığı üçün kollegiya üzvləri xüsusi endirimlərdən istifadə edirlər.
X.Bağırov isə kollegiyanın şirkətlə hansı şərtlərlə müqavilə bağlamasını sorğulayıb:
“Vəkillər Kollegiyası bu müqaviləni necə bağlayıb? Vəkillər Kollegiyasının büdcəsi necə formalaşır? Əlbəttə ki, vəkillərin verdiyi ödənişlər hesabına formalaşan büdcəsi var. O zaman Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu pulları necə xərcləyir? Necə olur ki, vəsaitin harasa xərclənməsi ilə əlaqədar müqavilə bağlayır?
Bazarda bu sahədə fəaliyyət göstərən digər şirkətlər var idimi? O şirkətlər arasında müsabiqə keçirilibmi? Niyə müsabiqə keçirilmədən müqavilə bağlanılır? Bax, bu sualların açıq qalması, bu məqam özü göstərir ki, Vəkillər Kollegiyasının büdcəsinin xərclənməsində şəffaflıq yoxdur”, – deyə hüquqşünas fikrini tamamlayıb.
Xalid Bağırovun dediklərindən narazı qalan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşı ilə əlaqə saxlayıb narazılığını bildirsə də, fikirlərinin dərc olunmasını istəməyib.
O, bunu Xalid Bağırovla münasibətlərinin gərginləşməməsi səbəbindən istəmədiyini deyib. Lakin kollegiyanın iki üzvü – Anar Qasımlı ilə Ruslan Mustafazadənin imzasıyla redaksiyaya göndərilmiş etiraz məktubu dərc olunub.
Bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib. Onun üzr istəməsi və 1000 manat cərimə ödəməsi tələb edilib.
Xalid Bağırov isə şikayətlə tanış olmadığını, ancaq üzr istəyəcək heç bir fikir bildirmədiyini deyib.
Xalid Bağırov 2014-cü ilin dekabrında Vəkillər Kollegiyasından çıxarılıb. O, Şəki Apelyasiya Məhkəməsində “Azərbaycanda ədalətli məhkəmə yoxdur, olsaydı, belə qərar verilməzdi” dediyi üçün barəsində bu qərar çıxarılıb.
2020-ci ildə Avropa Məhkəməsi X.Bağırovun işi ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddəsinin pozuntusunu tanıyıb. Azərbaycan hökuməti bu pozuntulara görə, vəkilə 18 min avro təzminat ödəyib.