“Freedom Now” təşkilatı “Abzas Media” rəhbərliyinin həbsi ilə bağlı bəyanat yayıb

“Freedom Now” təşkilatı “Abzas Media” rəhbərliyinin həbsi ilə bağlı bəyanat yayıb Foto: Sosial Media
24 Noyabr 2023
Mətni dəyiş

Azərbaycanda ardıcıl həbslər müstəqil fəallara və qruplara qarşı təzyiqlərin gücləndiyinə işarə edir

 

“Freedom Now” təşkilatı Azərbaycanın müstəqil mediası “Abzas Media”nın direktoru, jurnalist Ülvi Həsənli və bu nəşrin redaktoru Sevinc Vaqifqızının, “Abzas Media” ilə əməkdaşlıq edən Məhəmməd Kekalovun həbsini pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilib ki, “Freedom Now” təşkilatı Azərbaycanın müstəqil mediası “Abzas Media”nın direktoru, jurnalist Ülvi Həsənli və bu nəşrin baş redaktoru Sevinc Vaqifqızının həbsini qətiyyətlə pisləyir. Təşkilat həmçinin təxminən eyni vaxtda naməlum mülki geyimli şəxslər tərəfindən saxlanılan “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalovun taleyindən də son dərəcə narahatdır.

“Biz Azərbaycan hökumətini onları dərhal həbsdən azad etməyə və bütün ittihamlardan əl çəkməyə çağırırıq”, – bəyanatda deyilir.

Həsənli “Abzas Media”nın təsisçisi və direktoru, Vaqifqızı nəşrin baş redaktoru, Kekalov isə layihə meneceridir. “Abzas Media” Azərbaycanda fəaliyyət göstərən azsaylı müstəqil media qurumlarından biridir.

Yerli məlumatlara görə, Həsənli 2023-cü il noyabrın 20-də səhər tezdən hava limanına gedərkən həbs edilib. O, bir neçə saat qapalı vəziyyətdə saxlanılıb, bundan sonra rəsmilər onun saxlanılması faktını təsdiqləyib.

Vaqifqızının ertəsi gün xaricdən Bakı hava limanına gələn kimi saxlanıldığı bildirilir. Kekalovun ailəsi bildirib ki, həbs zamanı evindən kompüter və digər əşyalar götürülüb. Polis Həsənli, Vaqifqızı və Kekalovun evlərində, eləcə də “Abzas Media”nın ofisində axtarış aparıb. Həsənli və Vaqifqızının AR Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olaraq ölkəyə xarici valyuta keçirməkdə ittiham edilməsinə əsas olaraq ofisdə guya 40 min avronun “aşkar edilməsi” göstərilib.

Kekalovun saxlanılmasından təxminən iki gün sonra Daxili İşlər Nazirliyinin nümayəndəsi onun dəqiqləşdirilməmiş ittihamlarla həbsdə olduğunu təsdiqləyib. Kekalovun ailəsi həmçinin öyrənib ki, onlara məlum olmayan səbəbdən ona başqa vəkil təyin edilib. Kekalovun ailəsi tərəfindən işə götürülən vəkilin hələ də müvəkkili ilə əlaqə saxlamaq və onu görmək imkanı yoxdur.

Həbslərin “Abzas Media”nın hakim dairələrdəki korrupsiya faktları ilə bağlı apardığı jurnalist araşdırmaları ilə əlaqəli olduğu güman edilir.

“Freedom Now” təşkilatı Azərbaycan hakimiyyətinin əvvəllər də “Abzas Media”nın işinə müdaxilə etməyə çalışmasına diqqət çəkib.

“Həsənli 2023-cü ilin iyulunda hökumətin əvvəlki aksiyalara qəddar reaksiyasına etiraz edən qadın fəalların fləşmobunu lentə almağa cəhd edərkən qısa müddətə saxlanılıb. Bundan başqa, o, ətraf mühitlə bağlı etiraz aksiyasını işıqlandıran jurnalistləri saxlayan iki polis məmurunun fotosunun “Facebook”da paylaşdığına görə polis tərəfindən dindirilib.

Vaqifqızı da jurnalistik fəaliyyətinə görə təzyiqlərə məruz qalıb, “Pegasus” casus proqramı ilə izlənib. Bundan əlavə, nəşrin internet saytı Azərbaycanda blok edilib və hakimiyyət bir neçə ildir ki, nəşrin istifadə etdiyi müxtəlif saytları və platformaları bloklamağa çalışır”.

“Freedom Now” təşkilatı bəyanatında qeyd edir ki, söz azadlığının konstitusiya ilə qorunmasına baxmayaraq, Azərbaycanda media mühiti son dərəcə məhduddur və bu, müstəqil jurnalistləri və bloqerləri özünü senzura etməyə və ya hökumətin repressiyaları ilə üzləşməyə məcbur edir.

“Yerli qruplara görə, 2023-cü ilin oktyabrına qədər ən azı altı jurnalist siyasi motivli ittihamlarla həbs olunub. Hökumətyönlü hakim elita televiziya, radio və qəzetlər kimi ənənəvi media üzərində demək olar ki, tam nəzarəti həyata keçirib.

2021-ci ilin dekabrında Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib və bu qanun hakimiyyətə kiçik səbəblərə görə media və jurnalistləri sərt şəkildə cəzalandırmaq hüququ verib. Yeni qanun KİV-lərin qeydiyyatdan keçməsini və ölkədə daimi yaşayan Azərbaycan vətəndaşlarına məxsus olmasını tələb edir, həmçinin KİV-lərin hazırlamalı olduğu gündəlik məzmunun minimum miqdarı ilə bağlı tələbləri müəyyən edir. Jurnalistlər dövlət qurumlarında qeydiyyatdan keçməli və digər sərt tələblərə cavab verməlidirlər.

Avropa Şurasının Venesiya Komissiyası yeni qanunu beynəlxalq söz azadlığı standartlarına cavab vermədiyinə görə tənqid edib və qeyd edib ki, qanun “medianın fəaliyyətinin məhdudlaşdırılması kimi problemli məqsədə sahibdir”.

“Freedom Now” təşkilatı qeyd edib ki, Həsənli, Vaqifqızı və Kekalovun həbsi Azərbaycanda son vaxtlar siyasi motivli həbslərin daha bir nümunəsidir.

“2023-cü ilin iyulunda hökumətin korrupsiya və karbohidrogen hasilatı ilə bağlı siyasətini tənqid edən iqtisadçı və fəal doktor Qubad İbadoğlu saxta ittihamlarla həbs edilib. Demokratik hərəkatın fəalı Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından qondarma xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları ilə istintaq müddətində təcridxanada saxlanılır. Bu yaxınlarda bir neçə müharibə əleyhdarı olan dinc fəal əsassız həbslərə və təqiblərə məruz qalıb”.

Noyabrın 20-də “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbs ediliblər. Onlara qarşı AR CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham irəli sürülüb.

Noyabrın 21-də Xətai rayon məhkəməsi Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, Ülvi Həsənli barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Onların hər ikisi ittihamları rədd edir və həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Noyabrın 20-də evindən mülki şəxslər tərəfindən zorakılıqla aparılan “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalova qarşı da cinayət işi açılıb. O da Ü.Həsənli və S.Vaqifqızı kimi CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Elşad Hacıyev məlumat verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun