Millət vəkili hökumətin ayrı-seçkilik etmədiyini deyir
“Oğlum Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür deyə hökumət səhhətilə maraqlanmır”,- bu sözləri həbsdə olan cəbhəçi Elxan Əliyevin atası Rüstəm Əliyev deyir. Cəbhəçinin atası bildirir ki, oğlu həbsxanadan həyat yoldaşına zəng edərək xəbər verib ki, mikroinfarkt keçirib:
“Tibb məntəqəsinə aparılması ilə bağlı məlumatımız yoxdur. Amma qoyarlarmı aparılsın? Haqqı deyəni tutub ora salırlar ki, müxalifətsən. Budur da bizim dövlətin qaydası. Əvvəl də infarkt keçirtmişdi, onun kağızı da var, mən də hər dəfə yanına gedəndə ağrıyırdı. Amma buna baxan kimdir?”, - deyə R.Əliyev şikayətlənir.
Həbsdə olan ictimai fəallardan səhhətilə bağlı narahatlıq yaşadığı bildirilən təkcə Elxan Əliyev deyil.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlunun yaxınları da həbs olunduğu gündən dəfələrlə onun zəruri tibbi yardıma ehtiyacı olduğunu bildiriblər.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul deyir ki, onlar indiyə qədər hökumətdən qardaşının səhhətilə bağlı düzgün davranış görməyiblər:
“Həbs olunan gündən zəruri tibbi yardımla əhatə olunması ilə bağlı ciddi problemlər olub. Bir neçə gün dərmanlarını ona çatdıra bilmədik, müayinə edilməsi gecikdirildi. Sonradan götürülən analizlərin nəticələri də inandırıcı olmadı, çünki biz yaxşı bilirik ki, Qubadın səhhətində hansı problemlər var. Qubad bəy hərəkət etməkdə problemlər yaşayır. Məsələn, ayağa qalxıb yerindən tərpənməsi 3-4 dəqiqə çəkir. Bununla bərabər, ürəyində də damar genişlənməsi var. Biz Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət etdik ki, Qubad müəllimi hər iki halla bağlı müayinədən keçirsinlər. Bu qurumlar da cavab göndərdi ki, ehtiyac yoxdur”.
Qalib Toğrul deyir ki, sonradan Avropa Məhkəməsinə Qubad İbadoğlunun səhhətilə bağlı arayış göndərmək zərurəti yaranıb, hökumət də məcbur olub onu müvafiq müayinələrdən keçirib:
“Hansısa məhbusa münasibətdə səhlənkarlıq ola bilər, amma mən düşünmürəm ki, Qubad bəylə bağlı səhlənkarlıq olsun. Biz Qubad bəyin ailəsi olaraq düşünürük ki, bu tapşırıq əsasındadır və sırf siyasi məhbus olduğu üçün göstərilən münasibətdir. İstəmirlər ki, Qubad İbadoğlu oradan sağlam çıxsın”, – deyə o, bildirir.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da səhhətindən narazıdır. Onun yaxınları Abzas Media-ya deyir ki, o, saxlanılan zaman burnundan zərbə alıb və əməliyyat olunmalıdır:
“Hətta həmin gün polis idarəsinə Təcili Tibbi Yardım maşını çağırmışdılar. İndi Bakı İstintaq Təcridxanasında saxlanılır və bildirir ki, burnundan aldığı xəsarətə görə nəfəs ala bilmir, gecə yuxudan ayılır. Oranın öz həkimləri bildiriblər ki, əməliyyat olunmalıdır. Afiəddin Məmmədov həbs olunan gündən bu məsələ ilə bağlı əziyyət çəkir. İndiyə qədər əməliyyat olunmayıbsa, indi də olacağı sual altındadır”,- deyə İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Samir Sultanov bildirir.
Azərbaycanda həbsdə olan ictimai fəalların səhhətlərilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Hətta Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və iqtisadçı Qubad İbadoğlunun tibbi müalicəyə cəlb olunması ilə bağlı Avropa Məhkəməsi də qərar çıxarmalı olub.
Ancaq millət vəkili, parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Hikmət Babaoğlu deyir ki, əgər ehtiyac yaranırsa, məhkumların səhhətilə bağlı hər bir tədbir həyata keçirilir:
“Mən Azərbaycanda həbsdə olan ictimai-siyasi fəal tanımıram. Çünki həbsxanada olanların hamısı müxtəlif qanun pozuntularına görə həbsdə ola bilərlər. Burada ayrı-seçkilik və yaxud da fərqli yanaşma nümayiş etdirilmir. Azərbaycanda cinayət hüququnun humanistləşdirilməsilə bağlı qanun qəbul edilib. Bu humanist qaydalar qanun çərçivəsində bütün şəxslərə tətbiq edilir",– deyə millət vəkili bildirir.
"Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, ictimai-siyasi fəallarla bağlı siyasi iradə olmalıdır ki, onların səhhətlərində ciddi problem olduqda, müalicə müəssisəsinə köçürülsünlər.
Onun sözlərinə görə, tibbi xidmətdən kənar qaldığı üçün həyatını itirən şəxslər də var:
“Burada həbsi həyata keçirən siyasi mərkəzlərin fəallara qarşı bir qisasçı yanaşması, intiqam aktı da diqqəti cəlb edir. Gərək insan həyatı elə bir ölümcül hala çatsın ki, o, siyasi hakimiyyətin diqqətini cəlb etsin. Hətta biz əvvəllər görmüşük ki, həbsxanada tibbi xidmətin pis olması, siyasi iradənin olmaması səbəbindən həyatını itirən də var.
Məsələn, bir neçə ay əvvəl Səbuhi Səlimov həyatını itirdi. Səhhəti son dərəcə çox pis idi, bu vəziyyətdə məhkəmə proseslərinə gətirilib-aparılırdı. Bu gəl-getlərin birində adam həyatını itirdi. İndi biz burada hansı humanizmdən, siyasi iradədən danışa bilərik?” – deyə hüquq müdafiəçisi bildirir.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən suallarımıza cavab veriləcəyi bildirilsə də, sonradan zənglərimizi açmayıblar.