Onun evində və kanalın ofisində axtarış aparılıb
Noyabrın 27-də "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov saxlanılıb.
Bu barədə məlumatı onun vəkili Bəhruz Bayramov verib.
Vəkil bildirib ki, Əziz Orucov şübhəli şəxs qisminfə saxlanılıb:
"Evində və ofisində axtarış aparıldı. Ona qarşı Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma maddəsi ilə ittiham irəli sürülüb. Onun evi yoxdur, qohumlarının evində qalır. Səbail Rayonu ərazisində özünə ev tikirdi. Orada yüzlərlə belə ev var" - deyə o, bildirib.
Jurnalistin həyat yoldaşı Lamiyə Çepanova bildirib ki, polislər Əziz Orucovun iki ədəd laptopunu, istifadə etmədiyi telefonları və əvvəlki həbsi müddətindən olan məhkəmə sənədlərini aparıblar.
Bu əməliyyat "Abzas Media" müstəqil mediasına qarşı keçirilən əməliyyatdan sonraya təsadüf edir. Bundan əvvəl "Abzas Media"nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov və baş redaktoru Sevinc Vaqifqızı qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.
Əksər yerli və beynəlxalq təşkilatlar bu həbsləri müstəqil mediaya təzyiq kimi qiymətləndirirlər.
Əziz Orucov 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində 6 il azadlıqdan məhrum edilib.
O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilib. Əziz Orucov ittihamları qəbul etməyib.
2018-ci ilin aprelində Ali Məhkəmənin qərarı ilə 3 illik şərti azadlığa buraxılmışdı