Növbəti ilin büdcə zərfində seçkilər üçün 111 milyon manatın ayrılacağı planlaşdırılır
Azərbaycan parlamenti 2024-cü ilin büdcə zərfini müzakirə edir.
Gələn ilin büdcə zərfində seçkilərin keçirilməsi və statistika tədbirləri ilə bağlı 111 milyon manat vəsaitin xərclənməsi planlaşdırılır. Sonuncu seçki ili olan 2020-ci ilin büdcəsindən isə seçkilərə ümumilikdə 57 milyon manat ayrılmışdı ki, bunun da 43 milyon manatı Milli Məclisə keçirilən seçkilər üçün nəzərdə tutulmuşdu.
İctimai müzakirələrdə gələn il parlament, bələdiyyə seçkilərinin və referendumun baş tuta biləcəyi ehtimal edilirdi.
Deputat, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Abzas Media-ya deyir ki, referendumla bağlı heç bir məlumatı yoxdur, ancaq gələn il parlament və bələdiyyə seçkilərinin keçiriləcəyi gözlənilir:
“2024-cü ildə bələdiyyə seçkiləri mütləq keçiriləcək. Bundan əlavə, biz bilirik ki, 2020-ci ildə parlament seçiləri növbədənkənar keçirildi, ona görə də 2024-cü ilin noyabrında parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Konstitusion tələblərə uyğun olaraq, seçkilər noyabrda keçirilə bilər”.
6-cı çağırış parlament seçkilərindən sonra baş vermiş qanun pozuntularına görə, 4 dairənin nəticələri ləğv olunmuşdu. Sonrakı illərdə deputat Eldəniz Səlimov həbs olunduğuna, Şahin Seyidzadə isə başqa vəzifəyə təyin olunduğuna görə, mandatı ilə vidalaşmışdı. Bundan əlavə, 3 millət vəkili, Madər Musayev, Fəttah Heydərov və Qənirə Paşayeva vəfat edib. Bu müddət ərzində parlamentdə boş qalan 9 yer üçün seçki keçirilmədi.