Arif Hacılı: “Hadisənin üstündən 20 gün keçəndən sonra yeni “zərərçəkən” tapıblar”
Müxalifətdə olan Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanılıb.
Bu barədə Arif Hacılı özünün “Facebook” hesabında məlumat yayıb. O, qeyd edib ki, oğlu Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar oktyabrın 31-də şübhəli şəxs qismində saxlanılıb:
“Qəza zamanı toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmayandan və hadisənin üstündən 20 gün keçəndən sonra yeni “zərərçəkən” tapıblar. Guya kimsə yoldan keçəndə bu qəza nəticəsində xəsarət alıb. Halbuki, özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür”, – Arif Hacılı bildirib.
A.Hacılı hesab edir ki, oğlunun tutulması onun partiya sədri kimi fəaliyyətilə bağlıdır: “Bir dəfə də demişəm, mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladılarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır”.
Orxan Hacılının əmisi Mustafa Hacılı Abzas Media-ya deyib ki, qardaşı oğlu barəsində 48 saatlıq tutma protokolu tərtib olunub. Hazırda o, Yasamal Rayon Prokurorluğuna gətirilib:
“Vəkili Nemət Kərimli idarədə yanına buraxılmadı, amma prokurorluqda Orxan Hacılı ilə görüşməyə cəhd edəcək. Çox güman nəqliyyat hadisəsilə bağlı ittiham irəli sürüləcək. Hadisə 20 gün əvvəl olub, Orxan Hacılı saxlanılanda xəsarət alan, zərər görən kimsə olmayıb. Zərərçəkən elə Orxan özüdür. Bizdə olan məlumata görə, heç hadisə yerində olmayan kimisə gətiriblər ki, guya piyada imiş, qaza olanda kənarda dayanan maşınlardan biri ona dəyib, xəsarət alıb”.
Bundan əvvəl bir sıra hökumətyönlü medialarda Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verən qəzanın görüntüləri yayılıb. Yayılan görüntülərdən görünür ki, “Honda” markalı avtomobil hərəkət edərkən qarşısında manevr edən avtomobillə toqquşur və nəticədə ərazidə dayanmış başqa avtomobilə də dəyir. Oktyabrın 25-də Arif Hacılı məsələyə münasibət bildirərək, hadisənin qəsdən şişirdildiyini bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Baş Prokurorluqdan cavab almaq mümkün olmayıb.