Valideynlər prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşmək istəyirlər
“İntihardan danışırdılar. Deyirdilər, şaiələrdən bezmişik. Dedim nə şaiə, a bala? Elə deyib, bizi dəli elədilər”- bu sözləri apreldə Ermənistan tərəfə əsir düşən hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Abzas Media-ya deyir.
Onun sözlərinə görə, oğlu ilə sonuncu dəfə 19 oktyabrda danışıblar və çox narahat qalıblar.
D. Bəbirova deyir ki, dövlət onun oğlu ilə yetərincə maraqlanmır, maraqlansaydı, nəticə olardı:
“Bilə-bilə ki, əsirlərə işgəncə verirlər, maraqlanmırlar. İki günə qaytarıla bilinəcək əsir 8 ay erməni türməsində qalmalı idi? Hikmət Hacıyevin qəbuluna yazılmışdıq, bu gün zəng etdilər ki, Hacıyev yoxdur, müavinidir. Bizə müavin yox, Hikmət Hacıyev, Ceyhun Bayramov lazımdır.
8 aydır sosial vəziyyətimizlə maraqlanan olmayıb. Dərman almağa pul tapa bilmirəm. Sağlamlığımız da tükənib, dərmanla yaşayırıq” – deyə Dürdanə Bəbirova bildirib.
Apreldə əsir düşən digər hərbçi Hüseyn Axundovun anası Şəlalə Axundova da deyir ki, son danışıqlarında oğlu vəziyyətindən şikayətlənib. Onun fikrincə, dövlət əsirlərin qaytarılması üçün yetərincə səy göstərmir:
“Oğlumun aşağı dişlərini görə bilmirdik, çətinliklə danışırdı. Deyirdilər ki, artıq şaiələrdən bezmişik, ölsək də kişi kimi öləcəyik. Dedim, oğlum birdən sizə orada deyərlər ki, Azərbaycanda "vətən xaini" adı verilib sizə, inanmayın. Mən bildim ki, oğluma orada psixoloji işgəncə verirlər, yalan şeylər deyirlər.
Mən bilmirəm ona vəkil göndərmək olar, ya yox. Dövlətdən də heç kim bizə bununla bağlı heç nə deməyib. İki gündən bir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına zəng edirəm, oradan da deyirlər ki, yaxşı olacaq, səbrli olun. Ancaq oğlumun qaytarlması üçün edilənlər yetərli deyil. Biz bilmirik dərdimizi hara deyək. Sadəcə düşünürük ki, prezident uşaqlarımızı orada qoymaz, ona görə təsəlli tapırıq. Bütün günü ağlayıb, özümüzü öldürürük”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Azərbaycan ordusunun hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov bu ilin aprelində Ermənistan ərazisində saxlanılıblar. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, hər iki hərbçi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yollarını azaraq Ermənistan ərazisinə keçib.
Ermənistan tərəfi isə onları cinayət törətməkdə ittiham edərək həbs edib. Azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunublar. Aqşin Bəbirov 11 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb. O, Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirilib. Axundov 20 il azadlıqdan məhrum edilib.
Mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır: “Lakin bu proses birtərəfli ola bilməz. Bütün bunlar hüquqi prosedurlar vasitəsilə həyata keçirilməlidir”, - deyə o əlavə edib.