Anar Məmmədli: “Azərbaycan tərəfi vizaların sadələşdirilməsinə isti yanaşmır»
Azərbaycan vətəndaşları əsasən Orta Asiya və MDB ölkələrinə vizasız gedə bilirlər. 2013-cü ilin noyabrında Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi imzalansa da, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səyahəti heç də əlçatan olmayıb. Baxmayaraq ki, Gürcüstan vətəndaşları artıq Aİ ölkələrinə vizasız səyahət edə bilir, Ermənistan isə vətəndaşlarının bu imkandan yararlanması üçün Aİ ilə “Şərq Tərəfdaşlığı” saizişini imzalayıb və hazırda qoyulan şərtləri həyata keçirmək yolunda irəliləyir.
Noyabrın 23-də Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Avropa İttifaqı-Azərbaycan birgə komitəsinin 7-ci iclası keçirilib. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayaraq bildirib ki, iclasda ölkə vətəndaşların Aİ-yə üzv ölkələrin diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin Abzas Media-ya bildirdiyinə görə, vizaların sadələşdirilməsi məsələsi təktərəfli ola bilməz. Onun fikrincə viza sadələşdirilməsi proseduru həm Azərbaycan vətəndaşları, həm də Avropa Birliyi ölkələrinin vətəndaşları üçün olmalıdır, bundan ötrü isə siyasi iradə lazımdır.
“Avropa Birliyi vətəndaşları da Azərbaycana asan şəkildə giriş edə bilməlidirlər. Bu sənəddən əlavə, Avropa Birliyi özü Azərbaycanı vizaların sadələşdirilməsilə bağlı kateqoriyalara daxil edə bilər. Bir sıra ölkələrə tapşıra bilər ki, bu məsələlər həllini tapsın. Yəni müxtəlif kateqoriyalar müəyyən edə bilərlər ki, həmin kateqoriyaya daxil olan insanlar müraciət edəndə asan və uzunmüddətli viza əldə edə bilsinlər.
Ümumilikdə bu məsələlərin həllini tapması üçün Azərbaycanla Avropa Birliyi arasında intensiv danışıqlar olmalıdır. Ancaq hazırda Azərbaycan tərəfi bu məsələlərdə o qədər də maraqlı deyil, vizaların sadələşdirilməsi məsələsinə isti yanaşmır. Azərbaycan tərəfi bu məsələdə ciddi fəaliyyət göstərib maraqlı olduğunu bildirərsə, bu məsələ həllini tapa bilər”.
Məmmədli deyir ki, Gürcüstan və Ermənistanın Avropa Birliyi ilə vizaların sadələşdirilməsi məsələsində hər iki ölkə hakimiyyətlərinin siyasi iradələri rol oynayıb:
“İndi Avropa Birliyi ölkələrinin vətəndaşları Ermənistana da, Gürcüstana da rahat giriş-çıxış edə bilirlər. Ancaq Azərbaycanla bağlı bu məsələ çətindir, bəzən Avropa İttifaqı ölkələrinin vətəndaşları Azərbaycana gəlmək üçün heç viza əldə edə də bilmirlər”, - deyə o, bildirib.