Tibb Baş İdarəsi: “Qubad İbadoğlunun səhhətilə bağlı məlumat almaq üçün inzibati binamıza yaxınlaşın”
Səhhətinin ağırlaşdığı bildirilən siyasətçi Qubad İbadoğlunun istintaq dövrü üçün həbs müddəti uzadılıb.
Bu barədə Abzas Media-ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil bildirib ki, həbs müddəti uzadılanda hakim Qubad İbadoğlunun səhhətini nəzərə almayıb:
“Nərmanov məhkəməsində həbs qətimkan tədbirini 3 ay uzatdılar. Əsas göstərdilər ki, istintaq gedir. Hansı ki, Qubad İbadoğlu məhkəmədə çox çətinliklə dururdu. Bundan şikayət verəcəyik.
Səhhətində ağırlaşma var. Artıq ona insulin vururlar, şəkəri normallaşdıra bilmirlər. Qubad bəy tibbi yardımla yanaşı, hər gün açıq havada 10 kilometr gəzməlidir. Təcridxanada bu imkan yoxdur. Yemək yeyəndən sonra vəziyyəti ikiqat pisləşir. Onun onurğasında da ciddi problemlər var” – deyə o, bildirib.
Vəkil əlavə edib ki, Ədliyyə Nazirliyi də müraciətlərə müsbət cavab vermir:
“Məhkəmədə çətinliklə dayanırdı, çətinliklə hərəkət edirdi, amma kimdir baxan? Biz onun tibb məntəqəsinə köçürülməsi üçün Ədliyyə Nazirliyinə də müraciət etmişik, ancaq araşdırlacaq deyib heç nə etmirlər. Həkimlər həbs şəraitində yoxlayırlar, ancaq Qubad bəyin səhhətinin yoxlanılması üçün lazım olan tibbi alətlər təcridxanada yoxdur. Müraciətlərimizə müsbət reaksiya verilmir” – deyə o, əlavə edib.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul da özünün "Facebook" hesabında yazıb ki, insulin tətbiqindən sonra onda əlavə problemlər yaranıb: “Onurğasındakı problemlər o qədər kəskinləşib ki, gecələr ayaqlarının ağrısından yata bilmir” – o, qeyd edib.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Abzas Media-ya bildiriblər ki, onlar sualları şifahi cavablandırmaqdan imtina edirlər: “Məlumat almaq üçün inzibati binaya yaxınlaşın” – deyə növbətçi hissədən bildirilib.
Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan dörd nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.
Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.
Avqustun 25-də Q. İbadoğluna əlavə ittiham verilib. O, Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə ittiham olunur.
Q.İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.
Sentyabrın 5-də Avropa İnsan Haqları Məhkəməsi 39-cu qaydanı əsas tutaraq Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib və Azərbaycan hökumətinə suallar göndərib.