Anar Məmmədli: “Rəqəmlər arasındakı bu ziddiyət uzun illərdir var”
Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin 1 milyon 100 min nəfərindən çoxu Mərkəzi Seçki Komissiyasının (MSK) seçici siyahısında yoxdur. Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) rəsmi rəqəmlərinə görə, Azərbaycanda 18 yaşını keçmiş şəxslərin sayı 7.4 milyondur. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarına görə isə ölkə üzrə ümumilikdə 6 milyon 300 min seçici var.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, MSK-nın bununla bağlı izahları var, ancaq yetərli deyil:
“Ölkədə 18 yaşına çatmış şəxslərin sayı ilə seçici sayı arasındakı ziddiyət çoxdan var. İlk dəfə bu məsələni 2008-ci ildə qaldırmışıq. Əvvəllər 1.2 milyon fərq olurdu, son illər 1.5 və ya 1.6 milyon nəfərlik fərq yaranır.
Buna müxtəlif səbəblər göstərilir. Bildirirlər ki, əhalinin bir hissəsi ölkəni tərk edib, ona görə adları seçici siyahısına düşməyib. Ancaq düşünürəm ki, bu rəqəm çoxdur. Ölkədən xaricdə nə qədər insanın olmasını da Dövlət Statistika Komitəsi açıqlamalıdır”, - deyə Anar Məmmədli bildirib.
Məsələ ilə bağlı MSK ilə əlaqə yaratmağa çalışsaq da, mümkün olmayıb. Ancaq Komissiyanın ictimai əlaqələr şöbəsinə müdiri Şahin Əsədli son 2 seçki ərəfəsində yerli mətbuata bununla bağlı açıqlama verib. Əsədli 1 milyondan çox şəxsin adının siyahıda olmamasının səbəbini əsaslandırmasa da, bildirib ki, onların da səsvermə hüququ var:
“Hər hansı səbəbdən adı seçici siyahısında olmayan şəxslər də səs verə bilərlər. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqəsinə şəxsiyyət vəsiqəsini təqdim etməlidir və istədiyi namizədə səs verməlidir. Həmin şəxslərin adı əlavə seçki siyahısına daxil ediləcək”, - deyə MSK sözçüsü bildirib.