Azərbaycanda minimum istehlak səbətinin tərkibi 9 ildir dəyişmir

Azərbaycanda minimum istehlak səbətinin tərkibi 9 ildir dəyişmir Foto: Apa az
26 Dekabr 2023
Mətni dəyiş

İqtisadçı: “Minimum istehlak səbətinin tərkibi reallığa uyğunlaşsa, yoxsulluqla bağlı göstəricilər də artacaq”

Dekabrın 26-da ölkə başçısı İlham Əliyev Azərbaycanın 2024-cü il üçün yaşayış minimumunu təsdiq edib. Abzas Media-nın məlumatına görə, 2024-cü ildə ölkə üzrə yaşayış minimumu 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat təşkil edəcək.

2023-cü illə müqayisədə yeni rəqəmlərdə bir qədər artım var. Ötən il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat olub.

İqtisadçı Fərid Mehralızadə sadalanan rəqəmlərin insanların minimum ehtiyaclarının təmin olunmasına bəs edəcəyini düşünmür. Onun fikrincə, yeni rəqəmlər Azərbaycandakı qiymətlərlə müqayisədə çox aşağıdır:

“Bu da ona görədir ki, Azərbaycan qanunvericiliyində minimum hədlərin müəyyən edilməsində əsas rol oynayan minimum istehlak səbətidir. Həmin səbətin tərkibi reallıqlara uyğun və beynəlxalq standartlar səviyyəsində hazırlanmadığı üçün hökumət belə manipulyasiya imkanları qazanır.

Məsələn, minimum istehlak səbətindəki məhsullardan istifadə müddəti uzun götürülür. Geyimlər var ki, istifadə müddəti illərlə qeyd olunub, ancaq insanlar onu ən yaxşı halda 1-2 il geyinirlər. İnternetdən istifadə günə 1 saat hesablanır, yəni real istifadə göstəriciləri nəzərə alınmır.

Beynəlxalq praktikadan fərqli olaraq, bizdə təhsil, sosial, səhiyyə xərcləri minimum istehlak səbətində nəzərə alınmayıb. Minimum istehlak səbətinin tərkibini zənginləşdirmək lazımdır. Bir problem də odur ki, səbətin tərkibi operativ şəkildə yenilənmir. Sonuncu dəfə 2014-cü ildə tərkib təsdiqlənib, 9 ildir dəyişmir. Hansı ki, bu müddətdə həyatımıza nə qədər yeni şeylər daxil olub”, – deyə o bildirir.

İqtisadçı həmçinin deyir ki, hökumətin minimum istehlak səbətini normalara uyğun hazırlamaması səbəbsiz deyil. Onun fikrincə, bu, hökumətin digər xərclərinin də lokallaşdırılmasına kömək edir:

“Azərbaycanda sosial ödənişlər əsasən yaşayış minimumuna uyğun təklif edilir. Əgər istehlak səbəti zəngin olsa, yaşayış minimumu da artacaq. Belə olan halda isə hökumət sosial ödənişlərə daha çox xərc çəkməli olacaq. Bizdə yoxsulluq göstəricilərinin az olması da yaşayış minimumunun az olması ilə əlaqədardır. Əgər yaşayış minimumu artsa, yoxsulluqla bağlı göstəricilərin də artdığını görəcəyik”, – deyə o, bildirib.

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun