Sevinc Vaqifqızı və Ülvi Həsənlinin anaları pensiyalarını ala bilmirlər
Dekabrın 25-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və onların ailə üzvlərinin bank hesablarına qoyulmuş həbslə bağlı şikayətə baxılıb.
Vəkil Zibeydə Sadıqova “Abzas Media”ya bildirib ki, iş üzrə keçirilən prosesdə onların Xətai Rayon Məhkəməsinin qərarından verdikləri şikayət təmin olunmayıb.
“Biz məhkəmədə bildirdik ki, hesablara qoyulan həbslərlə bağlı məhkəmə qərarı əsaslandırılmayıb. Avropa Məhkəməsinin Azərbaycanla bağlı bu işə oxşar işlər üzrə qərarları var. Bu qərarlarda da göstərilir ki, cinayət işinin başlaması ona əsas vermir ki, cinayət işində müxtəlif formada adı keçən şəxslərin bank hesablarına həbs qoyulsun. Son olaraq bildirdik ki, bu şikayətdə elə şəxslər var ki, onların pensiya hesablarına da həbs qoyulub. Bizim bu şikayətlərimizi Sevinc Vaqifqızı və Ülvi Həsənov da müdafiə etdi. Prokurorluğun nümayəndəsi isə bildirdi ki, istintaq gedir, sonradan məlum olsa ki, hansısa hesabların iş üzrə əhəmiyyəti yoxdur, həbslər götürüləcək. Məhkəmə bizim şikayətimizi təmin etmədi, Xətai Rayon Məhkəməsinin həbs qərarını qüvvədə saxladı”, - deyə vəkil bildirib.
Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.
Noyabrın 29-da Xətai Rayon Məhkəməsi “Abzas Media”ya qarşı qaldırılan cinayət işi üzrə adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi ödənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxarıb.