Hərbçilər artıq 20 yox, 25 ildən sonra təqaüdə çıxa biləcək

Hərbçilər artıq 20 yox, 25 ildən sonra təqaüdə çıxa biləcək Foto: Modern az
26 Dekabr 2023
Mətni dəyiş

Ekspert: “Xidməti bitirməyinə 5 il qalmış zabiti 10 il xidmətə məcbur etmək insan hüquqlarına ziddir”

Dekabrın 22-də Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləməklə, hərbçilərin pensiya yaşını daha 5 il artırdı. Yeni qanunvericiliklə hərbçilər orduda 20 il yox, 25 il xidmət etdikdən sonra pensiyaya çıxa, mənzil və digər güzəştlər əldə edə biləcəklər.

Qanun ölkə başçısı İlham Əliyev tərəfindən də təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov Abzas Media-ya deyib ki, qanunvericilikdə yeni məhdudlaşdırmaların səbəbi ordu modelinin dəyişməsilə bağlıdır. Onun fikrincə, yeni ordu quruculuğu modeli üçün irihəcmli vəsaitlər lazım olacaq, buna görə də dövlət bu formada hərbi büdcəyə qənaət etmək istəyir:

“Bu dəyişiklik hərbçlərdə neqativ əhval-ruhiyyə yaradacaq. Xüsusilə də o hərbçilərdə ki, onlar bu gün-sabah təqaüdə çıxmağa hazırlaşırdılar. Hesab edirəm ki, dəyişiklərdən əvvəl hərbi xidmətə başlamış bütün hərbçilər üçün seçim imkanı yaradılmalıdır. Onlar özləri qərar qəbul etməlidirlər ki, 25 il xidmət etmək istəyirlər, ya yox. Hərbi xidməti bitirməyinə 5 il qalmış zabiti məcbur etmək olmaz ki, 10 il xidmət etsin. Bu, insan haqlarına uyğun yanaşma, hüquqi nizamlama hesab edilə bilməz”, – C.Məmmədov deyir.

Hərbi ekspert bildirir ki, bu istiqamətdə atılan addımların effektivliyi də sual altındadır. Onun fikrincə, xeyli neqativ məsələlər var ki, onlar aradan qaldırılmasa, işlərin səmərəli olacağına inam azdır:

“Məsələn, şəffaflıq və hesabatlılıq. Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizat işləri ənənəvi olaraq hakim siyasi ailəyə yaxın şirkətlər tərəfəndən həyata keçirilib. Tender müsabiqələri əksər hallarda cəmiyyətə qapalı qalıb. Son dəyişikliklərdə hərbi tenderlərlə bağlı məhdudiyyətləri daha da çoxaltdılar. Belə bir vəziyyətdə Silahlı Qüvvələr quruculuğunun səmərəliliyinə inanmaq olduqca çətindir. Medianın və QHT-lərin bu işdən kənar saxlanılması, hərbi islahatlarla bağlı istənilən məlumata hərbi sirr donu geyindirilməsi və sairə kimi məsələlər ciddi narahatlıq doğurur”, – deyə o, qeyd edib.

Millət vəkili Fazil Mustafa da qanunvericiliyə hərbçilərlə bağlı məhdudlaşdırılmaların gətirilməsini narahatedici hesab edir. Onun fikrincə, maliyyə qənaətindən söhbət gedirsə, Müdafiə Nazirliyində son illərdə mövcud olan korrupsiya elementlərini azaltmaqla buna nail olmaq daha doğrudur:

“Sıradan hərbçilərin bu qədər əziyyətlə xidmət göstərdiyi bir mühiti bu cür alt-üst etmək müəyyən problemlər yarada bilər. Qarabağ savaşını uğurla başa çatdırmış bu insanların belə bir uzatma ilə müəyyən problemlər yaşayacağını mütləq gözə almaq lazımdır. Yaxşılaşdırmağa doğru addım atmırsansa, heç olmasa pisləşdirməyə doğru da addım atma”, – millət vəkili “Yeni Müsavat”a danışıb.

Mövcud qanunvericiliklə hərbçilər 20 il xidmət keçdikdən sonra pensiya hüququ əldə edir, bəzi hallarda mənzil və digər güzəştlərlə təmin edilirdilər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun