“Human Rights House”: Azərbaycan hakimiyyəti ölkədə qalan azad mediaya və müstəqil səslərə qarşı kütləvi repressiyaları dayandırmalıdır
“Human Rights House” Fondu Azərbaycanda müstəqil medianın qalıqlarına və fərqli fikirlərə qarşı son repressiya dalğasından təşvişə düşüb.
Fondun bununla bağlı yaydığı bəyanatda deyilir ki, son 25 gündə ən azı 11 jurnalist və hüquq müdafiəçisi söz azadlığının qanuni şəkildə həyata keçirilməsinə görə qisas məqsədilə şübhəli və əsassız görünən ittihamlarla həbs edilib.
“Xüsusilə bu yaxınlarda 2024-cü il fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri ərəfəsində Azərbaycanda media sektoruna və dissidentlərə hücumlar dərin narahatlıq doğurur. Biz Azərbaycan hakimiyyətini bu yaxınlarda həbs edilən şəxslərə qarşı cinayət işini dayandırmağa və onları dərhal azad etməyə çağırırıq”, - deyə bəyanatda deyilir.
20 noyabr 2023-cü ildən 2023-cü il dekabrın 14-dək “Abzas Media” müstəqil internet portalında çalışan beş jurnalist saxlanılıb. Onlara qarşı pul qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb. Bunun nəticəsində onlar uzun illər həbs cəzası ala bilərlər. Saxlanılanlar arasında baş redaktor Sevinc Vaqifqızı, direktor Ülvi Həsənli, jurnalistlər Nərgiz Absalyamova və Hafiz Babalı, direktor müavini, əlillərin hüquq müdafiəçisi Məhəmməd Kekalov var.
Fondun bəyanatında qeyd edilir ki, “Abzas Media” müstəqil onlayn media orqanıdır və yüksək instansiyalarda korrupsiya ilə bağlı araşdırmaları ilə məşhurdur.
“Bu genişmiqyaslı işin öncülləri Vaqifqızı və Həsənli idi. Ülvi Həsənli 2023-cü ilin aprelində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üç komitəsinin birgə dinləmələrində azərbaycanlı jurnalistlərin həyatı və təhlükəsizliyinə təhdidlər, eləcə də şəxsi toxunulmazlıq hüququnun pozulması barədə məlumat verib. AŞPA məruzəçiləri onun saxlanmasını bu qurumla əməkdaşlığa görə qisas kimi qiymətləndirirlər.
Hafiz Babalı veteran araşdırmaçı jurnalistdir və “Abzas Media”dan öz tədqiqatlarını dərc etmək üçün platforma kimi istifadə edib. O, həbsini Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin adının hallandığı son antikorrupsiya araşdırması ilə əlaqələndirir.
Məhəmməd Kekalov Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Brüsseldəki assambleyasından qayıdandan az sonra həbs edilib”, - “Human Rights House” bəyanatında bildirilib.
Fond bu yaxınlarda “Abzas Media” portalına müsahibə verdikdən sonra həbs edilən keçmiş polis əməkdaşı İlhamiz Quliyevi də xatırladıb.
“Keçmiş polis zabiti İlhamiz Quliyev 2023-cü ilin oktyabrında “Abzas Media”ya anonim müsahibə verib. O, Azərbaycan polisinin müsadirə edilən sənədləşdirilməmiş narkotik vasitələrdən hökuməti tənqid edənlərə qarşı istifadə olunması kimi geniş yayılmış təcrübədən danışıb.
Polis “Abzas Media”da yayımlanan dəyişdirilmiş səs yazısından İlhamiz Quliyevi müəyyən etdikdən sonra o, 30 sutka müddətinə inzibati qaydada həbs edilib. İnzibati həbsdən azad edildikdən sonra o, dekabrın 4-də yenidən saxlanılıb və narkotik maddələrin dövriyyəsilə bağlı cinayətdə ittiham olunub. İlhamiz Quliyev müsahibəsində hakimiyyətin eyni ittihamdan tənqidçiləri susdurmaq üçün istifadə etdiyini bildirmişdi”, - bəyanatda qeyd olunur.
“Noyabrın 27-də polis “Kanal 13” onlayn televiziya kanalının təsisçisi və direktoru Əziz Orucovu saxlayıb. “Kanal 13” siyasi və sosial mövzuları işıqlandırır, hüquq müdafiəçiləri üçün platforma rolunu oynayırdı.
Orucov əvvəllər də təqiblərə məruz qalıb. Vəkillərinin dediyinə görə, indi onu şəxsi istifadə üçün icazəsiz tikintidə ittiham edirlər.
“Kanal 13”ün aparıcısı Rüfət Muradlı dekabrın 4-də həbs edilib, xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
Dekabrın 11-də polis “Kanal 11” internet televiziya kanalının təsisçisi və direktoru Teymur Kərimovu saxlayıb. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunub. “Kanal 11” Kərimovun saxlanmasını korrupsiya və hökumətin müharibə veteranlarına laqeyd münasibəti məsələlərinin işıqlandırılması ilə əlaqələndirir.
Dekabrın 14-də media və monitorinq qrupları ictimai fəal Möhyəddin Orucov və tanınmış müxalif siyasətçi Tofiq Yaqublunun saxlanılması barədə məlumat yayıb.
Möhyəddin Orucov ötən ay inzibati həbsdən azad edilmişdi. O, Azərbaycan prezidentini onlayn platformada tənqid etdiyinə görə 30 günlük inzibati cəza almışdı.
Yaqublu uzun müddət Azərbaycan hakimiyyətinin hədəfində olub və dəfələrlə haqsız yerə həbs edilib, qəddarlıqla üzləşib. Hazırda o, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işi üzrə şübhəli şəxs qismində həbs olunub.
Noyabr və dekabr aylarında saxlanılanların əksəriyyəti haqqında 3-4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Fond bildirir ki, bəyanatın yayımladığı müddətdə Möhyəddin Orucovun harada olduğu, eləcə də Yaqublunun saxlanmasının əsasları naməlum olaraq qalıb.
“Media və hüquqşünaslar bəzi məhbusların döyüldüyünü, hədələndiyini, pis rəftara və işgəncələrə məruz qaldığını bildirirlər. Həsənli, Vaqifqızı, Absalamova və Kekalovun ailələri ilə görüşü və telefonla əlaqə saxlaması qadağan edilib. Həsənlinin vəkilləri ilə də telefonla danışmağa icazə verilmir”, – deyə bəyanatda bildirilir.
“Human Rights House” Fondu repressiyaların son dalğasının Azərbaycan həbsxanalarında 235 siyasi məhbusun olması ilə bağlı xəbərlərin fonunda baş verdiyini bildirib.
“Ən tanınmış siyasi məhbuslardan biri, fəal, professor və siyasətçi Qubad İbadoğlu həyati vacib tibbi yardımdan məhrum edilib və səhhəti ciddi şəkildə pisləşməkdə davam edir.
“Sərhədsiz Reportyorlar” Təşkilatının tərtib etdiyi mətbuat azadlığı indeksinə görə, Azərbaycan 180 ölkə arasında 151-ci yerdədir. Avropa Şurasının Venesiya Komissiyası tərəfindən media azadlığı ilə bir araya sığmamaqda tənqid edilən 2021-ci ildə qəbul edilmiş “Media haqqında” qanun mətbuat azadlığını daha da sarsıdıb. Son hadisələr müstəqil medianın qalıqlarına müdaxilə etmək və Azərbaycanda qalan hər hansı ifadə azadlığını və vətəndaş məkanını məhv etmək təhlükəsi yaradır”, – fondun bəyanatında deyilib.
“Human Rights House” Fondu bildirib ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasında, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda təsbit olunmuş əsas azadlıqların təmin edilməsi üzrə beynəlxalq öhdəliklərini pozur.
“Buraya söz azadlığı, sərbəst məlumat almaq və yaymaq hüququ, işgəncə və pis rəftarın qadağan edilməsi, vəkillə əlaqə və şəxsi toxunulmazlıq hüququna hörmət daxildir. Vətəndaş məkanına sistematik hücumlar, tənqidçilərin gizli məqsədlərlə həbs edilməsi və jurnalistlərin hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində ölkə artıq xeyli sayda işi uduzub”.
Bütün sadalananları nəzərə alaraq, “Human Rights House” Fondu Azərbaycan hakimiyyətini beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərinə əməl etməyə çağırıb və bununla bağlı tələblərini irəli sürüb:
- Dərhal ittihamlar ləğv edilsin, həbsdə olan hüquq müdafiəçiləri və jurnalistlər azad edilsin;
- Həbsdə qalan şəxslərin peşəkar tibbi xidmətə çıxışı təmin olunsun;
- Bütün məhbuslara ailələri və vəkilləri ilə, o cümlədən telefonla əlaqə saxlamaq imkanı yaradılsın;
- Məhbuslarla pis rəftar və işgəncə halları barədə məlumatlar operativ və hərtərəfli araşdırılsın, günahkarlar məsuliyyətə cəlb edilsin;
- Müxalifətin ifadə azadlığına imkan verilsin, jurnalistlərin və digər vətəndaş cəmiyyəti üzvlərinin qanuni fəaliyyəti repressiyalardan qorunsun;
- İfadə azadlığının boğulmasına son qoyulsun və azad vətəndaş məkanını təşviq edən əlverişli mühit yaradılsın.