“Human Rights Watch” təşkilatı hesab edir ki, Azərbaycan hökumətinin tənqidçilərə qarşı “ifritə ovu” söz azadlığına və insan haqlarının qorunmasına sayğısızlığının təzahürüdür
“Human Rights Watch” təşkilatı tanınmış siyasətçi, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, siyasətçinin həbsi Azərbaycanda jurnalistləri və digər hökumət tənqidçilərini hədəf alan həbslər silsiləsinin növbəti nümunəsidir.
“Azərbaycan hökuməti tanınmış müxalif fəal və hökumətin sarsılmaz tənqidçisi Tofiq Yaqublunu sənədlərdə saxtakarlıq və dələduzluq ittihamı ilə həbs edib.
Keçmiş jurnalist və hökuməti açıq tənqid edən 62 yaşlı Tofiq Yaqublunu 2023-cü il dekabrın 14-də Bakının mərkəzindəki metro stansiyasından çıxarkən polis həbs edib. O, müxalif Müsavat partiyasının üzvü, Azərbaycanda müxalifət partiyaları və fəallarının koalisiyası olan Demokratik Qüvvələrin Milli Şurasında yüksək vəzifəli siyasətçidir”, – deyə bəyanatda qeyd edilib.
“Azərbaycan hakimiyyəti hökumət əleyhdarlarına, jurnalistlərə və digər tənqidçilərə qarşı təzyiqləri davam etdirir. Tofiq Yaqublunun həbsi ölkədə tənqidi səslərin susdurulmasına növbəti cəhddir”, - təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor köməkçisi Georgi Qoqiya bildirib.
Dekabrın 15-də Bakı şəhər Nərimanov rayon Məhkəməsi Yaqublu barəsində saxta sənədlər hazırlamaq və dələduzluq ittihamı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Prokurorluq bu iddianı təsdiq edən heç bir məlumat vermədən Yaqublunun qaça və ya istintaqa müdaxilə edə biləcəyini əsas gətirərək, barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmə qərar qəbul edərkən Yaqublunun törətdiyi iddia edilən cinayətin xarakteri və ağırlığına da istinad edib.
“Yaqublu barəsində əsassız səbəblərlə həbs qətimkan tədbirinin seçilməsi Avropa İnsan Haqları Konvensiyasının əsassız həbsə qarşı standartlarını pozur”, - “Human Rights Watch” təşkilatı hesab edir.
Dekabrın 14-də polis Tofiq Yaqublunun evində axtarış aparıb və onun yatağından 5000 avro, 2500 Azərbaycan manatı və sayı dəqiqləşdirilməmiş ABŞ dolları aşkar edib. Hökumət deyir ki, Yaqublu başqası ilə əlbir olub, guya xaricdə sığınacaq üçün müraciət etmək istəyən üçüncü şəxsə saxta sənədlər təqdim edib. “Human Rights Watch” təşkilatının bildirdiyinə görə, sözügedən “cinayət ortağı” digər siyasi motivli işlərdə də iştirak edib.
Tofiq Yaqublu bütün ittihamları rədd edir və həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.
Yaqublunun həyat yoldaşı Maya Yaqublu evdə tək olarkən 20-yə yaxın polis onların qapısına gəlib. Bir qrup polis məmuru ona onlarla yuxarıya gəlməyini tapşırıb, digərləri isə birinci mərtəbədə qalıb. Yuxarı mərtəbədə axtarışlarını başa vurduqdan sonra onların birinci mərtəbədəki yataq otağına enərək ona çarpayının üzərindəki yastıqları qaldırmağı tapşırıblar və sonra nağd pulu “tapdıqlarını” deyiblər.
“Anam bu qədər pulu görəndə şoka düşüb. Bir gün əvvəl diş müalicəsi üçün pulu olmadığına görə qonşudan borc pul götürmüşdü”, - onların qızı Nigar Həzi “Human Rights Watch”a deyib.
Axtarış zamanı polis “Wi-Fi” router, Maya Yaqublunun telefonu və köhnə noutbuku aparıb. Onlar həmçinin onun bütün ödənilməmiş borclarını, habelə ünvan və telefon nömrələrini yazdığı qeyd dəftərini də götürüblər. Müsadirə edilən əşyaların heç biri geri qaytarılmayıb.
Təşkilat öz bəyanatında xatırladıb ki, 2022-ci ilin dekabrında polis Tofiq Yaqublunun evinin qarşı tərəfinə üç müşahidə kamerası quraşdırıb. “Bu, çox güman ki, onun şəxsi mənzili ətrafındakı bütün hərəkətləri izləmək məqsədi daşıyırdı”.
“Bu, Yaqublunun ilk həbsi deyil. Azərbaycan hakimiyyəti vaxtaşırı Yaqublunu həbs edir, onu sərt rəftara məruz qoyur, siyasi fəaliyyətinə və hakimiyyəti tənqid etməyə son qoyması ilə bağlı xəbərdarlıq edir. Tofiq Yaqublu bundan əvvəl 2013-2016-cı illər arasında qondarma ittihamla üç il dəmir barmaqlıqlar arxasında qalıb. 2020-ci ildə məhkəmə onu xuliqanlıq ittihamı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. 2020-ci ilin sentyabrında hakimiyyət onu vaxtından əvvəl azadlığa buraxıb.
Tofiq Yaqublunun həbsi noyabrın 20-dən bəri müxalif fəallar, jurnalistlər və digər hökumət tənqidçilərini hədəf alan ən azı 12 həbs silsiləsində növbəti nümunədir. Hakimiyyət onları müxtəlif cinayət maddələri, o cümlədən qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və xuliqanlıqda ittiham edib. Onlardan ən azı 11 nəfəri haqda 4 ayadək müddətə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan hökumətinin tənqidçilərə qarşı ifritə ovu söz azadlığına və insan haqlarının qorunmasına sayğısızlığının təzahürüdür. Hakimiyyət Yaqublunu dərhal azad etməli, tənqidçi jurnalistləri və müxalifət fəallarını təqib etməyi dayandırmalıdır”, - HRW təmsilçisi Georgi Qoqiya bildirib.