Ədliyyə Nazirliyi və Penitensiar Xidmət həbs olunanların saxlanma şəraitilə bağlı sualları cavablandırmır
Azərbaycanda həbsxanalarda və təcridxanalarda saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar haqda şikayətlər səngimir. Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” işi üzrə keçirilən prosesdə həbs edilən şəxslər bildiriblər ki, 1 saylı Bakı İstintaq Təcridxanasında isti su tapmaq müşkül məsələyə çevrilib:
“Gündə cəmi 2 saat su verilir, özü də soyuq su. Həftədə 2 dəfə isti su verilir: Üçüncü gün səhər 11-dən 14-ə qədər aralıqda, şənbə günü 11-dən 12-yə qədər aralıqda. O da cəmi 1 saatlıq”, – deyə bu iş üzrə həbs olunan şəxslər bildiriblər.
Məsələ ilə bağlı Abzas Media Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə sorğu ilə müraciət etsə də, cavab almaq mümkün olmayıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə məruzəsində də qeyd olunur ki, Penitensiar Xidmətin tabeliyində olan həbsxanalara və təcridxanalara başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı pozuntular aşkar edilib:
“Monitorinqlər zamanı penitensiar xidmətin tabeliyindəki bir sıra müəssisələrin əsaslı və ya cari təmirə ehtiyacının olduğu müşahidə edilib. Saxlanma şəraitinin digər aspektləri – işıqlandırma, havalandırma, sanitariya şəraiti, masa və oturacaqlar, habelə fərdi çarpayı və yataq ləvazimatları ilə təchizat məsələləri araşdırılıb.
Həbs yerlərində bəzi otaqlarda su kranının işləmədiyi aşkar edilib. Müvafiq tövsiyələr verilib”, – deyə illik hesabatda qeyd olunur.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov deyir ki, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” var və həmin Qaydalarda həm də həbs edilmiş şəxslərin maddi-məişət təminatı nəzərdə tutulur.
Onun sözlərinə görə, həbs edilmiş şəxslər istintaq təcridxanasında sanitar-gigiyena tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunmalıdırlar:
“Gündə iki saat soyuq suyun, həftədə iki dəfə isti suyun verilməsi sanitar-gigiyena tələblərinə uyğun deyil və hesab edirəm ki, insan ləyaqətini alçaldan şəraitdir. Xatırlayıram, 2017-ci ildə həbsdə olduğum zaman Şüvəlanda yerləşən İstintaq Təcridxanasının tualetində yuyunurduq, çünki kamerada hamam yox idi. Həftədə bir dəfə kameradan çıxarıb isti suyun olduğu təcridxana hamamına aparırdılar”, – deyə hüquq müdafiəçisi bildirib.