Dekabrın 11-i günorta saatlarından etibarən onunla əlaqə yaratmaq mümkün deyil
“Kanal 11” internet televiziyasının direktoru, jurnalist Teymur Kərimovun saxlanıldığı bildirilir. Abzas Media-nın məlumatına görə, dekabrın 11-i günorta saatlarından yaxınları ondan xəbər ala bilmir.
“Teymur Kərimov yoxa çıxıb, onunla səhər saat 12 radələrindən etibarən əlaqə saxlamaq mümkün olmayıb. Telefonuna zəng çatmır və harada olduğu bilinmir.
Biz Teymur Kərimovun həbs edildiyini ehtimal edirik, vəkili olmadığı üçün bununla bağlı tam məlumata sahib deyilik”, - “Kanal 11”-in yaydığı bəyanatda deyilir.
Həmçinin bildirilir ki, Teymur Kərimov bu ilin iyulunda Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevlə bağlı çəkdiyi video-reportajdan sonra ciddi təqiblərə məruz qalıb. Evinə polis nəfəri gəlib, dəfələrlə müxtəlif bəhanələrlə polis bölməsinə ifadə üçün çağırılıb və ya ona video reportajın yayılmasının qarşısının alınması məqsədi ilə zənglər edilib.
“Daha sonra qazilərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və sözügedən qazilərin buna etiraz etməsini işıqlandırdığı üçün yenidən hədə-qorxuya məruz qalıb. İzahat alınması üçün hüquq-mühafizə orqanlarına dəvət edilib.
“Kanal 11” internet televiziyası olaraq aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini tələb edirik” - deyə kanalın bəyanatında qeyd olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı jurnalistin saxlanıldığını təsdiqləyib.
"Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Kərimov Teymur barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır" - qurumun açıqlamasında bildirilib.
Noyabrın 20-dən etibarən "Abzas Media"nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalist Nərgiz Absalamova, "Kanal 13" internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, yenə sözügedən kanalın əməkdaşı Rüfət Muradlı saxlanılaraq müxtəlif ittihamlarla həbs ediliblər.
Jurnalistlər və yaxınları həbslərin bir qayda olaraq siyasi sifariş olduğunu və jurnalistika fəaliyyətini məhdudlaşdırmağa hesablandığını bildiriblər.
Əksər beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycanda jurnalist həbslərinin şiddətləndiyini bildirib, Azərbaycan hökumətini həbsdəki jurnalistləri azad etməyə çağırıblar.