Jurnalist fəaliyyətinə görə təqib olunduğunu deyən Əziz Orucov ittihamları qəbul etmir
Noyabrın 28-də qanunsuz tikinti aparmaq ittihamı ilə həbs edilən “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb. Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
“Dekabrın 19-da Səbail rayon Polis İdarəsində Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, öncədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilib. Əziz Orucov ittihamları qəbul etmir, həbsinin “Kanal 13”ün fəaliyyətinə görə olduğunu bildirir”, - deyə vəkil qeyd edib.
Orucov 2017-ci ildə qanunsuz sahibkarlıqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından tez azadlığa buraxılıb.
Bu il noyabrın 27-də Səbail Rayon Polis İdarəsinin əməkdaşları Orucovu yenidən saxlayıblar. Onun evində axtarış aparılıb. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 188.2 maddəsilə (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) ittiham irəli sürülüb.
Noyabrın 28-də Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətilə əlaqəli olduğunu bildirib.
Noyabrın 20-dən etibarən Azərbaycanda 10-dan çox jurnalist müxtəlif ittihamlarla həbs edilib.