Ötən il istehsalatda bədbəxt hadisələr nəticəsində 34 nəfər həlak olub

Ötən il istehsalatda bədbəxt hadisələr nəticəsində 34 nəfər həlak olub Foto: BIS Safety Software
13 Dekabr 2023
Mətni dəyiş

Mirvari Qəhrəmanlı: “İşçilər məhz işə götürənin ucbatından iş yerində xəsarət alır və ya həlak olur”

 

Tofiq Bəhramov adına Respublika stadionunun tavanının təmiri zamanı fəhlə Sulduz Şükürov yıxılaraq xəsarət alıb və həyatını itirib.

“Abzas Media”nın məlumatına görə, stadionun direktoru Tələt Məmmədov fəhlənin yaşadığı qəzadan xəbərsiz olduğunu bildirib.  O, işlərin podratçı şirkət tərəfindən aparıldığını bildirsə də, hansı şirkət olduğunu açıqlamayıb. 

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, işçi üçün normal iş şəraitinin yaradılması işəgötürənin vəzifəsidir. Onun sözlərinə görə, bu, Əmək Məcəlləsilə tənzimlənir:

“Qanunla işə götürənlərin vəzifəsi ondan ibarətdir ki, sağlam və təhlükəsiz iş yeri yaratsınlar. Məhz bu tələbin pozulmasına görə hər il minlərlə insan həyatını itirir və xəsarət alır. İşçilər məhz işə götürənin ucbatından iş yerində həlak olur. Bu son hadisədən başa düşülür ki, qəza keçirən şəxs ərazidə işləyən podratçı şirkətin işçisi olub. Ancaq müqavilədə təhlükəsizlik məsələləri nəzərə alınmalı idi”, - o bildirib.

Hüquq müdafiəçisi bildirir ki, Əmək Məcəlləsinə əsasən, bu məsələlərdə ictimai nəzarəti həmkarlar ittifaqları, dövlət nəzarətini isə Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.

Onun fikrincə, həm həmkarlar ittifaqlarının, həm də dövlət xidmətinin fəaliyyəti ürəkaçan deyil:

“Məcəllənin pozulmasına görə işəgötürənlər məsuliyyətə cəlb olunur. Ancaq indiyə qədər görməmişik ki, hansısa işəgötürən işdə baş verən hadisəyə görə cəzalansın”, - deyə o bildirib.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən açıqlama almaq mümkün olmayıb.

Ancaq Xidmətin ictimaiyyətə açıqladığı rəsmi məlumatlarına görə, 2022-ci ildə Azərbaycanda istehsalatda 237 bədbəxt hadisə baş verib.

“Ötən il istehsalatda baş verən bədbəxt hadisələr zamanı 34 nəfər həlak olub, 247 nəfər isə xəsarət alıb”, - məlumatda qeyd olunub.

Bu işlər üzrə nə qədər adamın cinayət məsuliyyətinə cəlb olunması isə açıqlanmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun