Son bir ayda yolların təmir və tikintisinə 38 milyon manata yaxın vəsait ayrılıb

Son bir ayda yolların təmir və tikintisinə 38 milyon manata yaxın vəsait ayrılıb Foto: Ona az
23 Dekabr 2023
Mətni dəyiş

Ekspert: “Yolların təmir və tikintisində əsas problem şəffaflığın və hesabatlılığın olmamasıdır”

Azərbaycanda hər il yol infrastrukturunun tikintisi və ya əsaslı təmirinə milyonlarla manat vəsait ayrılır. Yenidən qurulan bəzi yolların qısa müddət sonra sıradan çıxmasını və tamamilə yararsız hala düşməsini də müşahidə etmək olur.

Ən son dekabrın 13-də Bakıda Əbdülvahab Salamzadə küçəsindəki körpünün üzərində yolun sağ zolağında çökmə yaranmışdı. Noyabr ayında Nəsimi rayonunda - Alı Mustafayev və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yolötürücüdə əsaslı təmir işləri icra olunduğu üçün bu yol bir neçə gün hərəkətə bağlanmışdı. Sentyabrda Xaçmazda Qudyalçay çayı üzərində avtomobil yolunun bir hissəsi olan körpünün uçması nəticəsində isə bir maşın çaya düşmüş, maşının içindəkilərdən biri ağır olmaqla 3 nəfər xəsarət almışdı. Xatırladaq ki, az əvvəl həmin bu körpünün açılışında prezident özü də iştirak etmişdi.

Ölkə başçısı İlham Əliyevin təkcə bu ilin dekabrında imzaladığı 17 sərəncamla yolların tikintisi və əsaslı təmiri üçün ümumilikdə 37 milyon 900 min manat vəsait ayrılıb.

Sərəncamla Xəzər rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə ayrılan məbləğ 500 min manat təşkil edib. 2 il əvvəl, 2021-ci ilin martında Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı ümumilikdə 5 milyon manat vəsait də ayrılmışdı.

Bununla bərabər, Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ayrılan vəsaitin həcmi 600 min manatdır. Bundan 4 il əvvəl, 2019-cu ilin martında da prezident sərəncamı ilə eyni rayonda yolların təmiri üçün 6.3 milyon manat vəsait ayrılmışdı.

Son sərəncamla Nizami rayonu ərazisində də avtomobil yollarının əsaslı təmiri ilə bağlı 450 min manat vəsait ayrılıb ki, 2016-cı ildən etibarən həmin rayonda dövlət vəsaiti hesabına yolların əsaslı təmiri aparılmışdı. Bununla bağlı məlumatlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) rəsmi saytında var.

Paralel olaraq, 450 min manat Sabunçu rayonun ərazisində avtomobil yollarının əsaslı təmirinə ayrılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) 2019-cu ildə dərc etdiyi rəsmi məlumatda Sabunçu rayonunun küçə və yollarının yenidən qurulması ilə bağlı bildirilirdi ki, genişmiqyaslı tikinti işləri Zabrat və Ramana qəsəbələrini də əhatə edir. Cəmi 3-4 il sonra yenidən bu yollara yarım milyon manata qədər vəsait ayrılıb.

Yuxarıda qeyd edilənlərdən əlavə, Bərdə‒Ağdam‒Əsgəran avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat,

Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulmasına 17 milyon manat,

Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat,

Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 300 min manat,

Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat,

Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 400 min manat,

Masallı‒Yardımlı‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmirinə 1.7 milyon manat,

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 1.2 milyon manat,

Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmirinə ilkin olaraq 1.5 milyon manat,

Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmirinə ilkin olaraq 800 min manat vəsait ayrılıb.

Bəs görəsən, ayrılan vəsaitlər səmərə verirmi? Ümumiyyətlə Azərbaycanda yol infrastrukturu işləri üzrə faydalılıq nə qədərdir?

İqtisadçı Elçin Rəşid deyir ki, yol çəkilməsi mürəkkəb prosesdir, burada ən önəmli olan şəffaflığın və hesabatlılığın olmasıdır. Onun fikrincə, şəffaflıq və hesabatlılıq olmayanda, yolların keyfiyyətindən və faydalılığından danışmaq düzgün deyil:

“Yol materiallarının seçilməsi, düzgün mühəndis işləri, yolun dizaynı, saxlanması və s. Bütün bunlara bir hesabatlılıq lazımdır. Hesabatlılıq olmayanda zəncirin hər bir halqasında sui-istifadələrə yol verilməsi mümkündür. Əgər bu mümkündürsə, niyə insanlar öz şəxsi maraqları naminə bundan sui-istifadə edib irəli düşməsinlər? Bu adamlar yolun tikintisilə paralel, onun gələcək təmirlərində də maraqlı olacaqlar.

Buna görə də işlərin keyfiyyətli olması üçün şəffaflıq və hesabatlılıq olmalıdır. Bütün bu prosesdə itirilən təkcə dövlət büdcəsindən ayrılan vəsaitlər deyil. O yollarda söküntü-tikinti işləri, bu işlərin uzanması, insanların o yoldan istifadə edə bilməməsi və sairə - bunlar hamısı iqtisadi baxımdan itki hesab olunur”, – deyə mütəxəssis bildirib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun