AZƏRTAC-ın keçmiş əməkdaşı məhkəmə qərarına etiraz olaraq intihara cəhd edib

AZƏRTAC-ın keçmiş əməkdaşı məhkəmə qərarına etiraz olaraq intihara cəhd edib Foto: bakupost.az
27 Fevral 2023
Mətni dəyiş

AZƏRTAC: “Heç kəsin ayağına yazılmayıb ki, mən hökmən AZƏRTAC-da işləməliyəm”

AZƏRTAC-ın keçmiş əməkdaşı Aygün Əliyevanın intihara cəhd etdiyi bildirilir. Jurnalist bununla bağlı öncə Facebook səhifəsində yazıb:

“Mənim ölümümdə günahkar Azərbaycan Respublikasının Ali Məhkəməsi və konkret olaraq Ramiz Rzayev, “Azertac News Agency”nin keçmiş rəhbəri, milyon manatlarla dövlət vəsaitini mənimsəmiş Aslan Aslanov və onun siyasətini davam etdirən, haqqa girməyə davam edən Vüqar Əliyevdir” – deyə o, statusunda qeyd edib.

Jurnalist bundan əvvəl ictimaiyyətə açıqlamasında məhkəmənin ədalətsiz qərarına görə intihar edəcəyini bildirib.

A.Əliyevanın vəkili Bəhruz Bayramov Abzas Media-ya bildirib ki, yoldaşı səhər saatlarında işdən qayıdarkən Aygün Əliyevanı huşsuz vəziyyətdə tapıb.

Vəkil bildirib ki, jurnalist hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.

“Aygün Əliyevanın keçmiş iş yeri olan AZƏRTAC-dan çıxarılması ilə bağlı məhkəməyə müraciət edilmişdi, onun işə bərpa olunmasını və əməkhaqqının ödənilməsini istəyirdik. Birinci və ikinci instansiya məhkəməsi bizim əleyhimizə qərar çıxardı, amma Ali Məhkəmə qərarı ləğv edib, yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdi və məhkəmə bu dəfə Aygün Əliyevanın lehinə qərar çıxarmışdı. Sonradan qarşı tərəf yenidən Ali Məhkəməyə müraciət elədi və bu dəfə məhkəmə onların iddiasını təmin etdi” – deyə vəkil Bəhruz Bayramov bildirib.

Aygün Əliyeva fevralın 9-da prezident İlham Əliyevə müraciət edib, intihar edəcəyini bildirmişdi. O, müraciətində qeyd edib ki, Ali Məhkəmənin onun işi ilə bağlı müsbət qərar çıxarmaması üçün AZƏRTAC-ın yeni rəhbəri Vüqar Əliyev Ali Məhkəmənin sədri Ramiz Rzayevə zəng edib və danışıblar. Aygün Əliyeva bildirib ki, Vüqar Əliyevlə söhbətində o, heç bir halda işə bərpa və ödənişin olmayacağını bildirib.

AZƏRTAC-ın idarə heyətinin sədr müavini Dağbəyi İsmayılov Abzas Media-ya açıqlamasında bildirib ki, Aygün Əliyevanın iddiaları həqiqəti əks etdirmir:

“Bir dəfə o qalib gəlib, sonradan bizim vəkil yenidən etiraz verib və biz də indi eşidirik ki, məhkəmə AZƏRTAC-ın xeyirinə qərar çıxarıb. Pul veriləcək, verilməyəcək, bunu heç kim deyə bilməz axı. Bu məhkəmə qərarı ilə olan işdir. Əvvəllər işdən azad olunan dövrdə özü ilə danışılıb, bütün məsələlər izah edilib.  İşdən çıxarılması ilə bağlı mübahisəli məsələ ola bilməz. İntiharı ilə bağlı məlumatlıyıq, nahaq yerə elə bir addım atıb. Heç kəsin ayağına yazılmayıb ki, mən hökmən AZƏRTAC-da işləməliyəm. O qədər adam var ki, çıxıb gedir başqa yerdə işə düzəlir, işləyir. Mən də şəxsən jurnalist kimi bu hərəkəti qəbul etmirəm” – deyə Dağbəyi İsmayılov bildirib.

Aygün Əliyeva 2000-2020-ci illərdə AZƏRTAC-da işləyib. O, son olaraq İtaliya üzrə müxbir vəzifəsində işləyərkən "əmək funksiyalarını yerinə yetirmədiyi" əsas göstərilərək işdən çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun