Məcburi məhkəməyə gətirilməsi tələb edilən Nurlana Əliyeva ölkədən çıxıb
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva hazırda məhkəməsi keçirilən universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevadan şikayət edib.
APA-nın xəbərinə görə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda bu barədə məlumat verilib.
İş materiallarında göstərilib ki, Nurlana Əliyeva Dürdanə Əliyevadan Baş Prokurorluğa, eləcə də Elm və Təhsil Nazirliyinə şikayətlər edib. Şikayətdə Dürdanə Əliyevanın qulluq mənafeyindən istifadə edərək tələbələrdən aldığı pulları mənimsədiyi qeyd edilib.
Bundan başqa, Nurlana Əliyevanın Dürdanə Əliyevanı ona cadu etməkdə ittiham etdiyi də bildirilib. Sabiq rektor cadunun təsirindən xəstəlik keçirdiyini deyib. Məhkəmədə o da məlum olub ki, Dürdanə Əliyeva Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Hakim Əli Məmmədov deyib ki, bu barədə məhkəməyə ərizə daxil olub.
Dürdanə Əliyeva müraciətində Nurlana Əliyevanın əməlləri ilə bağlı məlumat verib, özünün cinayət işində sadəcə vasitəçi olduğunu qeyd edib.
Məhkəmə iclasında barəsində məcburi məhkəməyə gətirilmə qərarı qəbul olunmuş Nurlana Əliyevanın ölkədə olmadığı elan olunub.
Məlum olub ki, Nurlana Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib.
Hakim Əli Məmmədov deyib ki, aidiyyəti orqanlar vasitəsilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir.
Məhkəmə Nurlana Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək.
Bundan başqa, cinayət işində adı keçən, əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləmiş Fərahilə Babayeva-Şükürovanın da məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub.
Proses martın 6-da davam etdiriləcək.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib