Vəkil məhkəmədə qaldırdığı vəsatətlərin heç birinin təmin olunmadığını bildirib
“Demokratiya-1918” Hərəkatının İdarə heyətinin üzvləri Afiyəddin Məmmədov 30 gün, Samir Sultanov isə 1 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bu barədə məlumatı onların vəkili Zibeydə Sadıqova Abzas Media-ya təsdiqləyib.
Hər iki fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunublar.
Vəkil bildirib ki, qərarı Yasamal Rayon Məhkəməsi çıxarıb. Onun sözlərinə görə, məhkəmədə qaldırdığı vəsatətlər təmin edilməyib:
“Hər ikisi məhkəmədəki çıxışlarında dedilər ki, onlar polisə tabesizlik göstərməyiblər, xuliqanlıq etməyiblər. Şüar səsləndirdikləri üçün saxlanılıblar. Gecə səhərə kimi 27-ci polis bölməsində saxlanılıblar və ailələri ilə, vəkillə əlaqə saxlamağa imkan yaradılmayıb. Mən də vəsatət qaldırdım ki, orda xeyli adamlar olub, şahidlər dəvət edilsin, kamera görüntüləri və internet platformalarındakı materiallardan çıxarışlar iş materialına əlavə edilsin, ancaq heç bir vəsatət təmin edilmədi. Qərarlarla bağlı apelyasiya şikayəti verəcəyik” – deyə Z. Sadıqova bildirib.
Hərəkatın İH üzvü Afiyəddin Məmmədov bundan öncə ötən ilin noyabrın 12-də eyni maddələrlə Xətai rayon Məhkəməsinin qərarı əsasında 30 gün müddətinə həbs edilib. O, kuryerlərin hüquqlarını müdafiə etdiyinə görə cəzalandırıldığını bildirib.
Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində 44 gündür həbsdə aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəkillərinin verdiyi apelyasiya şikayəti təmin edilməyib. Bundan sonra ictimai fəallar məhkəmənin qarşısında “Bəxtiyar Hacıyevə azadlıq” şüarı səsləndiriblər. Polis bir neçə fəalı saxlayıb.