“Bir nəfər narkoman əlində bıçaq söyə-söyə atama hücum edib. Atam da bıçağı onun əlindən alıb, kənara atıb”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Əlizamin Salayev saxlanılıb.
AXCP üzvü Ə. Salayevin oğlu Oktay Salayev AbzasMedia-ya bildirib ki, atası bu gün səhər saat 6-da ona zəng edib, saxlanıldığını bildirib.
Onun sözlərinə görə, Əlizamin Salayev bıçaqlı şəxsin hücumuna məruz qalıb:
“Atam dedi, Qaradağ Rayon Polis İdarəsində saxlanılır. Axşam Qaradağda taksiyə minib Salyana evə gələn zaman bir nəfər narkoman əlində bıçaq, söyə-söyə atama hücum edib. Atam da bıçağı onun əlindən alıb, kənara atıb. Bundan sonra polislər atamı tutublar. Dedilər, Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi qaldırılıb".
Daxili İşlər Nazirliyi yaydığı məlumatda iddia edir ki, Salayev fevralın 7-si gecə saat 1 radələrində “Lökbatan dairəsi”də Sahil qəsəbə sakini Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirib. Bundan sonra o, saxlanılıb.
Əlizamin Salayev bundan əvvəl də dəfələrlə həbs edilib. O, 2020-ci ildə yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub. Salayev Salyan Rayon Məhkəməsində mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəlki həbslərində AXCP və beynəlxalq təşkilatlar Ə. Salayevin həbsinin siyasi olduğunu bildiriblər.