“İTV əvvəl daha sərbəst idi, amma zaman keçdikcə hökumət bu medianı tamamilə nəzarəti altına aldı”
İTV yeni yaradılanda onun qəbul olunan inkişaf strategiyasına görə tədricən elə modelə keçməli idi ki, dövlətin hansısa qolundan asılı olmasın
Fevralın 9-da ölkə başçısı İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) 1 milyon 714 min 249 manat vəsait ayırıb.
Bu məbləğlə İTV 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu əldə edəcək.
Media eksperti, hüquqşünas Xalid Ağaliyev Abzas Media-ya deyir ki, İTV yeni yaradılanda onun qəbul olunan inkişaf strategiyasına görə tədricən elə modelə keçməli idi ki, dövlətin hansısa qolundan asılı olmasın.
Amma İTV-nin dövlətdən maliyyə asılılığı hələ də saxlanılır. Ekspert bildirir ki, buna səbəb hökumətin bu üsulla medianı nəzarətdə saxlamaq istəyidir:
“İTV tədricən hökumətin maliyyə nəzarətindən azad olub, tam sərbəst fəaliyyət göstərə bilməli idi. Ancaq heç bir addım atılmadı. İndiyə qədər ictimai reaksiya olmadığından, bu model hələ də davam edir. İTV əvvəl daha sərbəst idi, amma zaman keçdikcə hökumət bu medianı tamamilə nəzarəti altına aldı. Bu gün verilən maliyyə yardımları da həmin medianın daha rahat nəzarət altında saxlanılmasına xidmət edir”.
Media eksperti deyir ki, ictimai yayımın maliyyələşməsilə bağlı Türkiyə modeli var və vətəndaşların ödədiyi verginin müəyyən hissəsinin bu yayımın maliyyələşməsinə yönəlməsi qanunda əksini tapıb:
“Qanunda nəzərdə tutulub ki, məsələn, vətəndaş 100 manat vergi ödəyirsə, onun 50 qəpiyi ictimai yayımçının maliyyələşməsinə gedir. Fərqli ölkələrin də modelləri var idi ki, tədricən buna keçilməli idi, amma bu sahədə heç bir addım olmadı”.
X.Ağaliyev əlavə edib ki, ictimai yayımı tənzimləyən qanunvericilik yayımçının üzərinə məsuliyyət qoyur ki, bütün vətəndaşların mənafeyinə xidmət edən ictimai mövzular yayımlansın.
Onun sözlərinə görə, bu kontekstdə yanaşılsa, insanlar hüquqlarının pozulduğunu, bütün siyasi görüşlərinin İTV-də yayımlanmadığını iddia edib məhkəmədə mübahisələndirə bilərlər.
Son rəsmi məlumatlara görə, 2021-ci ilin dövlət büdcəsindən İTV-yə 17 milyon manat vəsait ayrılıb.