“SalamNews” informasiya agentliyinin və “İnteraz”ın təsisçisi Mətləb Bağırov saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə "din pərdəsi altında təxribat və pozuculuq əməllərini” həyata keçirən 39 nəfər saxlanılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev AbzasMedia-ya bildirib ki, 39 nəfər DİN-in “İranın casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyat çərçivəsində” saxlanılıblar.
“Onlar sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar aparmaqda, Azərbaycandakı dini etiqad azadlığından sui-istifadə edərək, ölkədə formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər” - DİN-in məlumatında deyilir.
Əməliyyat keçirilən yerlər arasında "SalamNews" informasiya agentliyi və “İnteraz” telekanalı da olub. Elşad Hacıyev hər iki medianın təsisçisi olmuş Mətləb Bağırovun saxlanılması xəbərini təsdiqəyib.
SalamNews İnformasiya Agentliyi 2010-cu il mart ayının 1-dən fəaliyyətə başlayıb. Agentlik rus, Azərbaycan və türk dillərində xəbərlər yayır.
Daha sonra ingilis, fars və ərəb dillərində xəbər portallarının açılmasını planlaşdırıb.
"İnteraz" saytında "Rusiyanın ilk azərbaycandilli telekanalı" olaraq təqdim olunur. Telekanal 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb.
Çərşənbə axşamı isə “İran casus şəbəkəsinə qarşı keçirilmiş xüsusi əməliyyat” nəticəsində 7 nəfər şübhəli şəxs qismində saxlanılıb, DİN-dən bildirilmişdi.
DİN-in keçirdiyi əməliyyat yanvarın 27-də Azərbaycanın İran paytaxtındakı səfirliyinə silahlı hücumdan sonraya təsadüf edir. Hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı öldürülüb, iki nəfər xəsarət alıb.
Azərbaycan bu hücumu “terror aktı” kimi qiymətləndirib və vətəndaşlara zəruri olmadığı təqdirdə İrana getməməyi tövsiyyə edib.
İran hücumun “şəxsi motivlər" əsasında törədildiyini bildirir.