Vəkil: “Kibercinayətkarlığa məruz qalması və şəxsi həyatına dair məlumatların yayılması ilə bağlı müraciət edəcəyik”
Həbsdə aclıq edən ictimai fəal Bəxtiyar Hacıyev fevralın 27-də ona infuziya sisteminin köçürülməsilə bağlı razılıq verib.
Bu barədə Hacıyevin vəkili Rövşanə Rəhimli Abzas Media-ya məlumat verib. İctimai fəalla görüşdən çıxan vəkil deyir ki, Bəxtiyarın çəkisi 64 kiloya düşüb.
“Baş gicəllənmələri, ürəkbulanmaları davam edir. Kəskin yuxusuzluq sindromundan əziyyət çəkir, yuxusu tamamən pozulub. Gecəni yatmır, səhər saat 7 radələrində 1 saat yatır, oyanır. Bunu da onunla əlaqələndirir ki, müalicə müəssisəsindəki vəziyyət pisdir, onu qane etmir, otağı da əlverişli deyil. İstəyir ki, onu Bakı İstintaq Təcridxanasına köçürsünlər. Bununla bağlı özü ərizə ilə müraciət edib, biz də dəfələrlə bildirmişik. Bizə dedilər ki, Bakı İstintaq Təcridxanasına köçürülməsi sual altındadır, çünki orada reanimasiya otağı yoxdur. Bu gün infuziya sisteminin köçrülməsilə bağlı razılıq verdi, biz də rəhbərlikdən xahiş etdik ki, həkim Adil Qeybullanın müəssisəyə buraxılmasına razılıq verilsin. Adil Qeybulla həm müayinə etsin, həm də sistem köçürsün. Ancaq biz çox istəyirdik aclığı dayandırsın, özü qəti şəkildə imtina etdi” – deyə Rövşanə Rəhimli bildirib.
Bu günlərdə Bəxtiyar Hacıyevin şəxsi həyatına dair məlumatlar sosial şəbəkələrdə yayılıb. Rövşanə Rəhimli deyir ki, Hacıyevin vəziyyətini nəzərə alaraq ona bununla bağlı məlumat verməyib, ancaq hüquqi addımlar atılacaq: “Bundan əvvəl də Hacıyev kibercinayətkarlığa məruz qalıb və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Bu məsələ ilə bağlı da müraciət ediləcək”.
Hacıyevin digər vəkili Şəhla Hümbətova deyir ki, ötən ilin dekabrında da müvəkkili kibercinayətkarlığa məruz qalıb. O, məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib, amma hələ ki, cavab ala bilməyib:
“Bu, kibercinayətkarlıqdır və şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasıdır. Biz əvvəlki işlə əlaqədar Baş Prokurorluğa müraciət etdik, bir az keçəndən sonra baxılması üçün Bakı Şəhər Prokurorluğuna göndərdilər. Ordan da hələ ki, bir məlumat yoxdur” – deyə Şəhla Hümbətova bildirib.
Vəkilin göndərdiyi müraciətlə bağlı hansı araşdırmaların aparıldığı haqda Baş Prokurorluğun mətbuat xidmətinə sorğu göndərsək də, cavab ala bilmədik.
Cinayət Məcəlləsinin 156-cı maddəsinin 1-ci bəndinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayət məsuliyyəti yaradır. Eyni məcəllənin 273-cü maddəsinə görə, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə də cinayət məsuliyyəti yaradır.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da saxlanılıb. Ona ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham irəli sürülüb. Fevralın 23-də Xətai Rayon Məhkəməsində keçirilən iclasda Hacıyevin həbs müddəti daha 2 ay uzadılıb.