Novella Cəfəroğlu: "Əfv Məsələləri Komissiyasına 23 nəfərin adını vermişik"

Novella Cəfəroğlu: "Əfv Məsələləri Komissiyasına 23 nəfərin adını vermişik" Foto: azerforum.com
21 Fevral 2023
Mətni dəyiş

 “Siyahıda Omonçular, cəbhəçilər, Nardaran məhbusları var, çoxunu buraxacaqlar”

Bu il Novruz bayramı ərəfəsində ənənəvi olaraq əfv sərəncamının imzalanacağı gözlənilir. Əfv Məsələləri Komissiyasından verilən məlumata görə, bu vaxta qədər 100-dən çox müraciətə baxılıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Abzas Media-ya bildirib ki, Əfv Məsələləri Komissiyasına jurnalistlər, bloqerlər, siyasi fəallar daxil olmaqla ümumilikdə 23 nəfərin adını təqdim ediblər.

O əlavə edib ki, həbs müddətinin bitməsinə az qalmış və xəstəliyi olan şəxslərlə bağlı da müraciət edilib və baxılır:
“Yəqin ki, jurnalistləri, bloqerləri azad edəcəklər. OMON-çuların, Nardaran hadisələri ilə bağlı həbs edilənlərin, cəbhəçilərin də adını siyahıya yazıb vermişik, çoxunu buraxacaqlar. Hesab edirik ki, Heydər Əliyevin yüzilliyində hamısının buraxılması yaxşı bir addım olardı. Biz komissiya üzvlərilə danışıb xahiş etmişik ki, indi bu dəqiqə Azərbaycan üçün çətindir, hamısı buraxılsın, Amerika, Avropa bizə irad tutmasınlar” -  deyə Novella Cəfəroğlu bildirib.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə Abzas Media-ya bildirib ki, həm qanunvericiliyin tələblərinə, həm də etik məsələlərə görə müraciətlərə konfidensial şəkildə baxılır. O, əfv sərəncamının gözlənildiyini, amma dəqiq vaxtla bağlı bir söz deyə bilməyəcəyini bildirib.

Sonuncu əfv sərəncamı 2022-ci il, mayın 27-də imzalanıb. Sərəncam ümumilikdə 213 nəfərə şamil edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun