Rövnəq Abdullayevin oğlunun Londonda 22 milyon dollarlıq mənzili aşkarlanıb

Rövnəq Abdullayevin oğlunun Londonda 22 milyon dollarlıq mənzili aşkarlanıb
1 Fevral 2023
Mətni dəyiş

Rövnəq Abdullayev oğlunun sözügedən mənzili üçün heç bir ödəniş etmədiyini və mənzilin alınması üçün verilən pulun mənbəyi barədə heç nə bilmədiyini deyib


Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş rəhbəri Rövnəq Abdullayevin oğlunun Londonda 20 milyon dollardan çox qiyməti olan mülkü aşkarlanıb. Bu, OCCRP Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsinin araşdırması nəticəsində üzə çıxıb. 

Araşdırmada deyilir ki, Rəşad Abdullayevin Londonun prestijli Grosvenor Square ünvanında sahib olduğu “ultrabahalı” mülk Görnsi adasında qeydiyyatdan keçmiş ofşor şirkəti vasitəsilə alınıb.

Mənzilin 2019-cu ildə 17.3 milyon funt sterlinqə (22.4 milyon dollar) alındığı məlum olub.

Bu binada Rəşad Abdullayevə məxsus dörd yataq otaqlı mənzili isə yenicə aşkar etmək mümkün olub.

Bu sirrin indiyədək açılmamasına səbəb daşınmaz əmlakın Görnsi adasında qeydiyyatdan keçmiş şirkət vasitəsilə alınması və bu adada korporativ mülkiyyət barədə informasiyanın ictimaiyyət üçün qapalı olması olub.

Lakin Britaniyada ötən il qəbul edilmiş İqtisadi Cinayət (Şəffaflıq və Qanunçuluq) haqqında qanun bütün ofşor vahidlərdən malik olduqları mülkiyyətin sahiblərinin kimliyinin 2023-cü il, yanvarın sonunadək açıqlanmasını tələb edir.

Məhz bu qanunun tələblərinə riayət edən Görnsi şirkəti – “Mount Street Investments PCC” öz bəyannaməsini bir həftə bundan əvvəl təqdim edib.

Bu sənəddən Rəşad Abdullayevin 2019-cu ilin iyunundan bu şirkətin sahibi olması məlum olub. Britaniyanın torpaq reyestrinin məlumatına görə, şirkət London mənzilini həmin ilin dekabrında alıb.

Transparency International U.K. antikorrupsiya təşkilatının təhqiqatlar bölməsinin rəhbəri Ben Koudokun (Ben Cowdock) sözlərinə görə aşkar olunmuş əmlakın qiyməti onun sahibinin qanuni gəlir mənbələrinın imkanı xaricindədirsə, qanuna görə belə sahiblik polis təhqiqatının predmeti olmalıdır.

OCCRP yazır ki, sözügedən mənzil üçün ödənmiş pulun mənbəyi məlum deyil. Rəşad Abdullayev araşdırma müəlliflərinin sorğularına cavab verməyib. Onun atası Rövnəq Abdullayev isə email vasitəsilə cavabında yazıb ki, o, oğlunun sözügedən mənzili üçün heç bir ödəniş etməyib və mənzilin alınması üçün verilən pulun mənbəyi barədə heç nə bilmir:

“Əgər hətta Rəşad Abdullayev sözügedən mənzili alıbsa da, mən səmimi şəkildə inanıram ki, o, heç bir qanunsuz ödənişlər etməyib və bu məsələ ilə bağlı bütün zəruri sənədləri vardır və qanun çərçivəsindədir”.

Araşdırmada deyilir ki, SOCAR-ın illik hesabatından prezidentin və onadək vitse-prezidentlərin illik maaş və mükafatlarının toplam 800 min dollardan az olduğu görünür. Bu, həm də onu göstərir ki, yalnız Rövnəq Abdullayevin maaşı ilə sözügedən London mənzilini almaq mümkün olmamalıydı.
Hesabatda qeyd olunur ki, Rəşad Abdullayevin indi artıq Linkedln saytından silinmiş profilində onun 16 yaşında SOCAR Trading şirkətində çalışdığı bildirilirdi. Onun rəsmi vəzifəsi “ticarət və biznes eksperti” olaraq göstərilmişdi.

Araşdırmada deyilir ki, Rəşad Abdullayevin atası Linkedln profilindəki məlumatı mübahisələndirib. O deyib ki, oğlu SOCAR Trading-də yox, SOCAR-a bağlı başqa bir şirkətdə təcrübəçi olub.

Hesabatda qeyd olunduğuna görə üç il sonra, 19 yaşında Rəşad Abdullayev Türkiyədə yaşayarkən daşınmaz əmlaka investisiyalar, konsaltinq və əmlak menecmenti şirkətini yaradıb, habelə Bodrum kurort şəhərində restorana, Gürcüstanda yanacaqdoldurma stansiyaları şəbəkəsinə şərik olub.
Bildirilir ki, onun hazırkı iş yeri və gəliri barədə məlumat yoxdur.

Hesabatda bu da xatırladılır ki, Grosvenor Square ünvanındakı evin alındığı ildə, yəni Rəşad Abdullayevin 25 yaşı olanda onun adı ailəsinin ifrat zənginliyini göstərən başqa bir işdə də hallanmışdı.

OCCRP yazır ki, o vaxt SOCAR-ın sözçüsü İbiza kurortunda qiyməti 1.35 milyon dollar olan qol saatının oğurlandığına dair söz-söhbəti inkar etmişdi.

Rəşad Abdullayev isə həmin saatın ona məxsus olmadığını bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun