Bakının Səməd Vurğun küçəsində, Bakı Dövlət Sirkinin yaxınlığında silahlı atışma baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub.
Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.
Qurumdan açıqlanıb ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsi polis əməkdaşları saxlayıb.
Hadisə şahidləri Abzas Media-ya bildiriblər ki, insident Toyota markalı avtomobilin içindəki şəxslərin mübahisəsi ilə başlayıb. Daha sonra maşındakı şəxslərdən biri digər iki nəfəri güllələyib. Onlar ağır yaralanıblar. Atəş açan şəxs maşınına əyləşərək hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində Lada Samara markalı maşına da güllə dəyib.
Sonuncu dəfə martın 4-də günorta saatlarında Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən "Bravo" supermarketin girişində müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb.
Elə həmin gün axşam saatlarında paytaxtın Fəvvarələr Meydanında atışma hadisəsi baş verib. Daxili İşlər Nazirliyi açıqlama verib ki, "Bravo" supermarketində baş vermiş silahlı hücumda şübhəli bilinən şəxslərdən biri öldürülüb, digəri saxlanılıb.