Səbuhi Səlimovun məhkəmə binasında ürəktutmasından öldüyü deyilir
Martın 2-də 17 il azadlıqdan məhrum edilən Səbuhi Səlimovun apelyasiya şikayəti təmin olunmayandan sonra o, məhkəmə binasında vəfat edib. Bu barədə S. Səlimovun həyat yoldaşı Fatimə Səlimova Abzas Media-ya məlumat verib.
Xanımının sözlərinə görə, Səlimov Bakı Apelyasi Məhkəməsində ürəktutmasından vəfat edib:
"Hakim əvvəlki məhkəmənin qərarını qüvvədə saxlayıb, o da əsəbləşib. Elə zaldan çıxanda piləkanlarda ürəyi tutub, ölüb. Bizə demədən aparıb yarıb, ekspertizadan keçiriblər. Bizə axşam saat 4-də xəbər veriblər ki, gəlin meyiti aparın".
S. Səlimov həbsinə etiraz olaraq 53 gün aclıq aksiyası keçirib. Son 7 gündə o, quru aclığa keçib. F. Səlimova bildirib ki, yoldaşı aclığı martın 1-də dayandırıb:
"Aclığı dayandırmışdı, yemək yemişdi. Bizimlə də görüşmüşdü, yaxşı idi. O, 4 dəfə ürək əməliyyatı keçirib, 4 damarı dəyişmişdi. Bunu bütün qurumlara demişdim ki, yarımcan insandır, ürəyi partlayacaq".
Səbuhi Səlimovun həyat yoldaşı deyir ki, bu iş üzrə şikayəti var, amma nəticəsi olacağına ümidi yoxdur:
"Şikayət etmək istəyirəm, amma kimdən kimə şikayət edim? Onun üçün "dövlətə xəyanət" ittihamı çox ağır gəlirdi. O deyirdi ki, mən bu ittihamla yaşamaram. Deyirdi ki, " 20 yanvarda, Qarabağda qucağımda meyit daşımışam, 4 dəfə orduya yazılmışam. Bütün bunları edən mən, mənə "dövlətə xəyanət" ittihamı qoyublar?" Deyirdi, "20 il versinlər başqa ittihamla, dözərəm, amma buna dözməyəcəm".
Səbuhi Səlimovun ölüm işi ilə bağlı Ədliyyə Nazirliyindən və Bakı Apelyasiya Məhkəməsindən cavab almaq mümkün olmayıb.
Səbuhi Səlimov 2022-ci ilin noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib.
Səlimovu ötən il Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.